Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin V turunun görüşlərindən sonra mərhələ adlayan daha 4 komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, son turun nəticəsindən asılı olmayaraq, “Dinamo” (Moskva, Rusiya), “Pyaçentsa” (İtaliya), “Qalatasaray” (Türkiyə) və “Volero” (İsveçrə) pley-offa vəsiqəni rəsmiləşdiriblər. Artıq bu komandalarla püşkatmanı gözləyən klubların sayı 9-a çatıb. Onlardan öncə “Rabitə” (Azərbaycan), “Omiçka”, “Dinamo” (Kazan, Rusiya), “Vakıfbank” və “Əczaçıbaşı” (Türkiyə) da eyni uğura imza atmışdı.
Qalan 3 vəsiqə uğrunda isə 6 kollektiv mübarizə aparır. Onların taleyinə qrup mərhələsinin son turunda - dekabrın 17-də aydınlıq gələcək. Qeyd edək ki, əgər “Dördlər finalı”na ev sahibliyi edəcək klub vəsiqə qazananlardan olarsa, ən yaxşı 3-cü yer də onlara qoşulacaq.
Mənbə: Milli.Az