Qadin.NET / Azərbaycanda Yeni il: Şaxta baba bizə lazım deyil?

Azərbaycanda Yeni il: Şaxta baba bizə lazım deyil?

 

Yeni ilin miladi təqvimlə yanvarın 1-də, yaxud Günəş təqvim ilə martın 21-də qeyd olunması köhnə mübahisədir. Tacikistanda da bu mübahisələr mövcuddur və bu il rəsmi şəkildə qərara gəlinib ki, Yeni ili xüsusu təmtəraq olmadan, yəni yolkasız, Şaxta baba və Qar qızsız qeyd eləsinlər. Novruzu əsas bayramı sayan bu ölkə kimi Azərbaycanda da “Şaxta baba əleyhdarları” var. Modern.az-ın sorğusu da bunu əyani göstərir.Deputat Aqil Abbas: “Çadır qurub şaxsey deməliyik?! Niyə qeyd etməyək ki?! Azərbaycan da dünyanın bir parçasıdır. Bəyəm dünyadan kənar bir planetik biz?! Belə təkliflə razılaşırıqsa, o zaman Avropadan səfirlərimizi geri çağıraq, hamıyla əlaqələrimizi kəsək, oturaq bir yerdə. Deyək ki, biz ancaq milli bayramı qeyd edirik?!” Şair Məmməd Aslan: “Kim təklif edibsə ki, Yeni il Azərbaycanda keçirilməsin, o insan yerdən-göyə qədər haqlıdır. Bundan haqlı bir təklif ola bilməz. Ağıllı, əlifbanı bilən, dünyada nədənsə başı çıxan bir xalq bilir ki, bircə dəfə Yeni il bayramı olur. Tarixin bütün dövrləri sovetlərə qədər Novruz bayramımız olub. İlin dönüş bayramı, ilin axırı. Hətta şeirlərdə də var bu. Düşünün ki, şair də yoxdur, şeir də yoxdur. Yeni il ildə bircə dəfə olar. Axır çərşənbə deyirik, il təzələnir. Yanvarın 1-də Yeni ili qeyd etmək nə qədər ağılsız bir işdir?! Ya elə etsinlər ki, il iki dəfə tamam olsun, bu tarix boyu mümkün olan bir şey deyil. Həzrət İsanın doğulan gününü bir də bayram etmək heç bir xalqa üz ağı gətirməz. Mənim fikirlərimi millətçilik kimi yox, həqiqət kimi başa düşün. Bu bir məntiqdir, bir insaniyyət nişanəsidir“.Müğənni Gülyaz Məmmədova: ”Milli bayramımız Novruz, Ramazan, Qurban bayramıdır - düzdür, amma Yeni il də qeyd olunur. Baxmayaraq ki, ilimiz Novruzda dəyişir, Yeni il də bir gözəllikdir. Qışın, qarın gözəlliyini görürük bu bayramda. Uşaqlar sevinirlər. Qış tətili olur. Onlarla teatra, gəzməyə gedirik. Çox əyləncəlidir mənim üçün. Hər zaman ailəmizlə qeyd edirik. Hər Yeni ildə qar yağmasını gözləyirik. Bu bütün dünyada qeyd olunur. Bu Yeni ilin gözəlliyi tamam başqadır. Burda heç kim baxmır, xristiandır, ya müsəlmandır. Hamı Yeni ilin gəlişini qeyd edir. Düzdür, Novruzu daha çox sevirəm, amma ilin gəlişinin qeyd olunmasını da sevirəm. Gözümüzü açandan bu bayram həmişə keçirilib, alışmışıq bu bayrama. Bu bayramı keçirməmək mümkün deyil. Bu mənim şəxsi fikrimdir. Hamının da fikrinə hörmətlə yanaşıram”.Jurnalist Kamil Həmzəoğlu: “Kim belə düşünürsə, bu onların şəxsi fikridir. Hər kəs öz fikrini bildirməkdə sərbəstdir. Amma mən həmin fikrə qatılmıram. Düşünürəm ki, Yeni il çox təmtəraqlı şəkildə qeyd olunmalıdır. Ən azı, sovet dövründən ta indiyə qədər bu bayramı keçirmişik. Həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Bu səbəbdən də əlamətdar, daha təmtəraqlı qeyd olunmalıdır. Hansı arqumentə əsasən bu bayrama qarşı çıxılır bilmirəm. Ən azı miladi təqvimlə gediriksə, bu bayramı qeyd etməyimizdə elə bir qəbahət yoxdur”.Tərcüməçi-yazar Əziz Rzazadə: “Şəxsən mənim nə Şaxta baba adında uzaq qohumum, nə də Qar qız adında xalam qızı var. Evimizdə də heç vaxt nə yolka qurulub, nə də bəzək asılıb. Tanıdığım üç bayram var: Novruz, Qurban və Fitr. Yeni ilə gəlincə, onu ancaq martın 21-də qarşılayıram. Mən “köhnə kişilər”dənəm. Yanvarın 1-i hara, Azərbaycan hara? Yeni ili miladi təqvimlə qarşılamanın qəti əleyhinəyəm. İkili təqvim sisteminə keçməliyik. Həm milli, həm də beynəlxalq. Dünyanın bir çox ölkələrində ikili təqvim standartı var. Bunda qəbahət axtarmağa dəyməz”. Bəs siz necə düşünürsünüz?
Mənbə: Milli.Az
13 dekabr 2013
GO BACK