"Monako" klubunun hücumçusu Radamel Falkao qış transfer pəncərəsi dönəmində komandadan ayrılacaq. Qol.Az-ın "Le10Sport"a istinadən verdiyi məlumata görə, kolumbiyalı futbolçunun Fransada özünü yaxşı hiss etmədiyi və bu səbəbdən də komandadan gedəcəyi iddia olunur. Təcrübəli futbolçunu transfer etmək istəyən ilk klub "Çelsi"dir. Hücumçu axtarışlarını davam etdirən Joze Mourinyo da Falkaonu komandasında görmək istəyir. Lakin "Monako" rəhbərliyi 27 yaşlı futbolçunun təzminat qiymətinin 100 milyon avro olduğunu açıqlayıb. Bununla belə, "Çelsi" klubunun sahibi Roman Abramoviçin "Monako"nun prezidenti ilə dostluq əlaqələrinin olduğundan bu transferin baş tutacağı gözlənilir.
Qeyd edək ki, Falkao ötən mövsümün sonunda "Atletiko" (Madrid) klubundan "Monako"ya transfer olunmuşdu.
Xatırladaq ki, indiyədək ən bahalı transfer "Real Madrid"in oyunçusu Qaret Beyl hesab olunur. Beyl "Mahmızlı"ları Madridə 91 milyonun müqabilində dəyişib.
Mənbə: Milli.Az