Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyi Ankarada xatirə tədbirləri təşkil etmişdir.Səfirlikdən Trend-ə verilən məlumata görə, qeyd olunan tədbirlər çərçivəsində ilk olaraq ümummilli liderin adını daşıyan möhtəşəm park ziyarət edilmiş, ulu öndərin heykəli önünə səfirlik əməkdaşları, tələbə, kursant və müdavimlər çiçəklər qoymuş, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Daha sonra "Ramada Plaza" mehmanxanasında ehsan verilmişdir. Sözügedən tədbirdə hakim Ədalət və İnkişaf Partiyasının sədr müaviniMehmet Necati Çetinkaya, millət vəkilləri Əli Özgündüz və Sinan Oğan, sabiq mədəniyyət və turizm naziri Ərtoğrul Günay, TÜRKSOY-un baş katibiDüsen Kaseinov, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Ankarada təhsil alan kursant, müdavim və universitet tələbələrimiz, tanınmış elm və mədəniyyət xadimləri, diaspor nümayəndələrimiz və çox sayda KİV nümayəndələri iştirak etmişlər.Tədbir ulu öndərimizin, Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından iki ölkə himnlərinin oxunması ilə başlamışdır.Səfir Faiq Bağırov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri - CHP millət vəkili Əli Özgündüz və MHP millət vəkili Sinan Oğan, Bilkent Universitetinin professoru, həmvətənimiz Əmrulla Məmmədov, tələbə, kursant və polis akademiyasında təhsil alan gənclərimiz çıxışlarında ulu öndərin ölkəmizə və iki qardaş ölkə münasibətlərinə verdiyi əvəzsiz töhfələrdən geniş şəkildə söz açmışlar.Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də qardaş Türkiyə ilə olan münasibətlərimizdəki müstəsna rolundan bəhs edən müfəssəl sənədli film tədbir iştirakçılarına nümayiş etdirilmişdir.Ardından tədbir iştirakçılarına ehsan yeməyi təqdim olunmuşdur.Tədbirdə iştirakçılara Arif Məlikovun ulu öndərə həsr etdiyi "Əbədiyyət" adlı 8-ci sinfoniyanın DVD diski hədiyyə edilmişdir.
Səfirlik, həmçinin ümummilli liderin vəfatının 10-cu ildönümü münasibətilə aşağıdakı şəhərlərdə də tədbirlər keçirmişdir: Balıkesir şəhərində yerləşən Balıkesir Universitetinin Pedaqogika fakültəsində konfrans və sənədli film nümayişi (27.11.2013); Elazığ şəhərində yerləşən Fırat Universitetinin Rektorluğunda "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda konfrans və sənədli film nümayişi (02.12.2013); Malatya şəhərində yerləşən İnönü Universitetinin Rektorluğunda "Azərbaycan və Heydər Əliyev" mövzusunda konfrans və sənədli film nümayişi (03.12.2013); Qars şəhərində yerləşən Qafqaz Universitetində "Heydər Əliyev və Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda inşa müsabiqəsi (09.12.2013); Ardahan şəhərində yerləşən Ardahan Universitetində "Heydər Əliyev və Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda inşa müsabiqəsi (09.12.2013); İğdır şəhərində yerləşən Heydər Əliyev məktəbində "Heydər Əliyev və Azərbaycan-Türkiyə dostluğu" mövzusunda inşa müsabiqəsi (09.12.2013); Ankarada yerləşən nüfuzlu Bilkent Universitetində "Heydər Əliyev və Azərbaycan Gəncləri" mövzusunda konfrans və sənədli film nümayişi (11.12.2013).
Mənbə: Milli.Az