Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar onun əziz xatirəsi Vaşinqton şəhərində də anıldı.Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin inzibati binasında ümummilli liderin büstü önündə baş tutmuş mərasimində müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yoluna nəzər salındı və onun Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə gördüyü misilsiz işlər minnətdarlıq hissi ilə xatırlandı.Mərasim iştirakçıları qarşısında çıxış etmiş səfir Elin Süleymanov xalqımızın ölməz lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açaraq, onun Azərbaycan xalqına buraxdığı ən böyük mirasın məhz müasir, müstəqil və suveren Azərbaycan dövlətinin olduğunu bəyan etdi və sonrakı nəsillərin ümdə vəzifəsinin bu dəyərsiz mirası qoruyub-saxlamaq olduğunu göstərdi. O, həmçinin şəxsi xatirələrinə istinad edərək, bu dahi şəxsiyyətlə təmasda olduğu bir anı böyük qürurla yad etdiyini söylədi. Səfir Süleymanov ümummilli liderin aramızda olmadığı son 10 il ərzində onun ən sadiq davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyi, xalqımızın inanılmaz bir tərəqqiyə şahid olduğu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real güclə doldurulduğunu qeyd etdi.Onun ardınca çıxış etmiş Azərbaycanın ABŞ-dakı hərbi attaşesi polkovnikAğaverdi Quliyev öz növbəsində milli ordumuzun yaradılması və xüsusilə onun uzaqgörən siyasəti nəticəsində hələ sovet dövründən etibarən hərbi kadrların hazırlanması sahəsində əldə olunmuş uğurlar barədə danışdı. ABŞ-da yaşayan Azərbaycan icmasının təmsilçisi Həbib Azərsina ümummilli lider Heydər Əliyev ilə şəxsi təmaslarından bəhs edərək, qəlbində yaşatdığı xatirələri tədbir iştirakçıları ilə bölüşdü. O, hər zaman Azərbaycan xalqının Heydər Əliyev kimi bir dövlət xadiminə malik olmasından fəxr hissi keçirdiyini dedi və onun əziz xatirəsinin əbədi şəkildə Azərbaycan və eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anılacağını bildirdi.Ümummilli lider Heydər Əliyevin anım günü çərçivəsində, həmçinin Merilend ştatının ən böyük xeyriyyəçilik təşkilatı olan və yoxsulları qida ilə təchiz edən Merilend Qida Bankına ianə verildi. Qida Bankının hökumətlə əlaqələr üzrə direktoru Nensi Smitə (Nancy K. Smith) Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən təqdim olunmuş rəsmi məktubda bu xeyriyyəçilik aktının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ilə əlaqədar həyata keçirilməsinin təsadüfi olmadığı qeyd edilərək, ulu öndərin sosial vəziyyəti çətin olan təbəqələrə daim böyük qayğı göstərdiyi bildirilmişdir. N.Smit Azərbaycan hökumətinə təmsil etdiyi təşkilat adından böyük minnətdarlığını ifadə edərək, bu addımın çox yüksək qiymətləndirildiyini söyləmişdir.Nəhayət, səfirliyin müraciəti əsasında, Vaşinqton şəhərində yerləşən İslam Mərkəzində mərhum Prezidentimiz Heydər Əliyevin ruhuna dualar oxundu və ona Allahdan rəhmət diləndi. Qarşıdan gələn cümə günü isə səfirlik tərəfindən İslam Mərkəzində cümə namazının ardınca ehsan veriləcəkdir.
Mənbə: Milli.Az