Qadin.NET / Uşaqlarınızı qripdən qoruyun

Uşaqlarınızı qripdən qoruyun

 

Uşaqlarınızı qripdən qoruyun

Bol meyvə, C vitamini, bitki çayları... Havaların kəskin soyuması əhali, xüsusilə də azyaşlı uşaqlar arasında bir çox infeksion xəstəliklərin artmasına səbəb olur. Bəs qripə yaxalanmamaq və yoluxucu viruslardan qorunmaq üçün nə etməli? Akademik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip laboratoriyasının müdiri Almaz Əsədova Ailəm.az-a bununla bağlı öz tövsiyələrini verib. O bildirib ki, ilin bu fəslində orqanizm nisbətən zəifləyir və immunitet aşağı düşür. A.Əsədovanın sözlərinə görə, bu dövrdə ilk növbədə uşaq və yaşlıların immunitetini gücləndirmək lazımdır: “İnsanların bu xəstəliklərdən qorunması üçün əsas şərt immunitetin qaldırılmasıdır. İndi meyvə-tərəvəzin və göyərtinin bol vaxtıdır. Onlardan səmərəli istifadə etməklə immuniteti gücləndirmək, vitamin çatışmazlığını aradan qaldırmaq olar. İnsanlar çoxlu miqdarda sitrus meyvələri yeməli, rasionlarında nar, alma, xurma, göyərti, göy soğan, kahıdan bol-bol istifadə etməlidirlər. Bundan başqa tez-tez bitki çayları, moruqlu, itburunlu, ballı isti çaylar və meyvə şərbəti içilməlidir. Bu baxımdan limonlu çay da əvəzsizdir”. Laboratoriya müdiri deyib ki, uşaqlara vaxtaşırı olaraq ev şəraitində hazırlanmış meyvə kompotları içirtmək lazımdır: “Heyva kompotu daha faydalıdır. Bundan başqa immuniteti qaldırmaq üçün apteklərdə satılan meyvəli siroplardan da istifadə etmək olar. Bir də yaxşı olardı ki, evdən bayıra çıxanda xüsusi mazlardan, məsələn “Oksalin” mazından istifadə edilsin. Mazı buruna çəkmək viruslara yoluxmanın qarşısını almağa kömək edir”. Uşaqlarda immunitet daha zəif olduğundan onlar xəstə insanlardan uzaq tutulmalıdır: “Viruslara yoluxmamaq üçün uşaqlarla bağlı sanitar-gigiyenik qaydalara riayət edilməlidir. İctimai nəqliyyatda, metroda olan zaman çalışmaq lazımdır ki, uşaq oradakı əl tutacaqlarından tutmasın. Evə çatan zaman onların əlləri sabunla yuyulmalıdır. Çünki infeksion xəstəliklər mikroblar vasitəsilə yayılır”. Almaz Əsədova analara onu da tövsiyə edib ki, uşaqları küçəyə çıxaran zaman onların geyimlərinə diqqət yetirsinlər: “Hökmən uşağın ağız və burnu şərf vasitəsilə qorunmalıdır. Çünki soyuq hava onların tənəffüs yollarına daxil ola və uşaq xəstələnə bilər. Əgər artıq xəstəlik baş veribsə, uşaqlara bəlğəmgətirici siroplar, tərkibində C vitaminin bol olan qidalar verilməlidir. Xəstəliyin kəskinləşməməsi üçün isə mütləq həkimə müraciət etmək lazımdır”. A.Əsədova onu da qeyd edib ki, hazırda əhali arasında müşahidə edilən xəstəlik qrip deyil, zökəm, soyuqdəymədir: “Soyuqdəyməni qriplə qarışdırmaq olmaz. Burundan selik gəlməsi, baş ağrısı və qripə oxşar digər əlamətlər soyuqdəymədə də müşahidə olunduğundan əhali bu xəstəlikləri qarışdırır. Hazırda Azərbaycanda qrip virusu yoxdur”.

 

Mənbə: Lent.Az
12 dekabr 2013
GO BACK