Bu barədə Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Komitə sədrinin sözlərinə görə, əgər bir neçə il bundan əvvəl cəmiyyət 12 illik təhsil sisteminə hazır deyildisə, indi artıq bu sistemə keçidin vaxtı çatıb: "Biz "Təhsil haqqında" Qanunu qəbul edərkən ilkin variantda Azərbaycanda orta təhsil müəssisələrində 12 illik təhsilə keçidlə bağlı məsələ var idi. O vaxt cəmiyyət buna sadəcə hazır deyildi. Bu gün artıq cəmiyyət buna hazırdır. Düşünürəm ki, 12 illik təhsilə keçmək lazımdır. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir. Bununla bağlı ciddi mexanizm yaradılacaq". Qeyd edək ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na əsasən isə, Azərbaycanda onillik ümumi orta təhsil və ikillik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sistemi yaradılacaq.
Mənbə: Milli.Az