Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinin mütəxəssislərindən ibarət Ekspert Şurası tərəfindən Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran-Astara bölgələrində geni dəyişdirilmiş bitkilərin aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər keçirilib.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, monitorinq çərçivəsində ekspert şurası üzvləri icra hakimiyyətlərinin aqrar məsələlər üzrə müavinləri, ərazi kənd təsərrüfatı idarələrinin mütəxəssisləri, Aqrar Elm Mərkəzinin regional bölmələrinin və elmi-tədqiqat institutlarının dayaq məntəqələrinin əməkdaşları və fermerlərlə görüşlər keçirib, qanunvericiliyin tələbləri haqqında geniş məlumatlar verilib.Mütəxəssislər bir sıra bitkilərin toxum materiallarından nümunələr götürərək sınaqların aparılması məqsədilə laboratoriyaya təqdim ediblər.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) geni modifikasiya olunmuş məhsulların təyini laboratoriyasında aparılmış sınaqlar nəticəsində nümunələrdən heç birində gen dəyişikliyi aşkar olunmayıb.
Araşdırmalar davam etdirilir.Məlumat üçün bildirək ki, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə görə, Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır.
Mənbə: Milli.Az