Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı”nın toplantısında iştirak etmək üçün sabah Ermənistanın paytaxtı İrəvana səfər edəcək. Davudoğlu İrəvanda erməni həmkarı Edvard Nalbandyan da daxil olmaqla, bir neçə iki tərəfli görüş keçirəcək. Ermənistan İş Adamları və Sənayeçilər Birliyinin sədri Armen Kazaryan hesab edir ki, ölkəsi “Qara dəniz İqtisadi Əməkdaşlığı” Təşkilatı vasitəsilə Türkiyənin Ermənistana qarşı siyasətinə təsir göstərməyə çalışır: “Biz qonşu ölkələrik. Lakin münasibətlərimiz olduqca pisdir. Mallarımızı Türkiyəyə ixrac edə bilmirik. Bunu İran və Gürcüstan kimi üçüncü ölkələr vasitəsilə etmək, sənədlərdə dəyişiklik etmək məcburiyyətində qalırıq. Əslində türk rəsmilər də bunu bilirlər, lakin özlərini görməməzliyə vururlar. Ötən il ticarət həcmi 250 milyon dollar idi. Türk iş adamları burada işləyə bilirlər, erməni iş adamları isə Türkiyədə işləyə bilmirlər”.Anspress yazır ki, türkiyəli nazirin səfəri Ermənistan mətbuatında da maraqla izlənir. Davudoğlunun İrəvana səfərinin böyük əhəmiyyət kəsb etdyini qeyd edən Ermənistan mətbuatı xarici işlər nazirinin Azərbaycanın vasitəsilə “Dağlıq Qarabağ məsələsində addım atın, 7 Azərbaycan rayonunun ən azı 2-ni işğaldan azad edin, sərhədlər açılsın” kimi tələblər irəli sürə biləcəyini yazır. Davudoğlunun Ermənistana belə bir təkliflə yola düşəcəyini isə ilk olaraq, Türkiyənin "Axşam" qəzeti diplomatik mənbələrə istinadən yaymışdı. Artıq rəsmi Bakı da mətbuatda yayılan bu xəbərlərə öz mövqeyini açıqlayıb. Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə müsahibəsində deyib ki, Türkyə və Ermənistanın arasında sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş rayonlarının geri qaytarılması danışıqların mövzusudur.Xarici işlər nazirinin müavini Xələf Xələfov: “Bu, əlbəttə, danışıqların predmetidir. Onu müzakirə etməyə də ehtiyac yoxdur. Danışıqlarda da Azərbaycanın mövqeyi aydındır. Bu məsələnin həll olunması üçün, ilk növbədə, işğal olunmuş ərazilərin problemi həll olunmalıdır. Bu problem həll olunmadan məsələnin sülh yolu ilə həlli mümkün deyil”.Rəsmi Ankara Əhməd Davudoğlunu İrəvana göndərmək qərarını ötən ay qəbul edib.
Davudoğlunun İrəvana səfəri ərəfəsində gündəmə gələn Azərbaycan rayonlarının qaytarılması məsələsini və Türkiyə-Ermənistan münasibətlərini millət vəkili, politoloq Rasim Musabəyovla müzakirə edirik: “Düşünmürəm ki, bu səfərin nəticəsi bir irəliləyiş kimi səslənsin. Hiss olunur ki, Türkiyə Qafqazdakı problemlərlə bağlı səylər göstərmək istəyir. Həmçinin Ermənistanla da münasibətlərin normallaşmasına maraqları var. Ancaq hər şey nəyin müqabilindədir?Mən izləyirəm, Ermənistan mətbuatında elan olunub ki, S.Sarkisyan Davudoğlu ilə görüşmək niyyətində deyil. Nalbadyanla ilə isə ciddi məsələlər müzakirə olunub həllini tapa bilməz. O ki qaldı 2 rayon söhbətinə, yəni işğaldan azad olunma başlansın ki, Türkiyə sərhədlərini aça bilsin. Ola bilsin ki, rəmzi bir addım gözləyirlər, tutalım Cəbrayıl, Zəngilan, Qubadlıda onların nə qoşunu var, nə də ki, orada heç kəsi məskunlaşdırmayıblar. Deyə bilərlər ki, Horadizdən silahsız camaat keçsin, biz razılıq veririk, ancaq təbii ki, belə bir sual çıxır ki, sərhədləri kim qoruyacaq? Silahsız oraya keçmək qeyri-mümkündür. Bəs təhlükəsizliyi kim təmin edəcək?”
Mənbə: Milli.Az