Qadin.NET / Səudiyyə Ərəbistanı "Bakı Ağ şəhər" layihəsinə maraq göstərir

Səudiyyə Ərəbistanı "Bakı Ağ şəhər" layihəsinə maraq göstərir

 

Səudiyyə Ərəbistanı "Bakı Ağ şəhər" layihəsinə maraq göstərir

Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman və Şahzadə Saud bin Xalid Əl-Feysəlin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-də "Bakı Ağ şəhər ofisi binası"na gələrək, "Ağ şəhər" layihəsi ilə tanış olub. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Ağ şəhər" layihəsinin direktoru Ruslan Sadıxov nümayəndə heyətinə layihə barədə ətraflı məlumat verərək, "Ağ şəhər" layihəsinin dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən, ən iri müasir layihələrdən olduğunu qonaqların diqqətinə çatdırıb. Bildirilib ki, Bakının ekoloji cəhətdən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir yaşayış mərkəzi yaradılacaq. Burada inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq. "Bakı Ağ şəhər"də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaq. Təqdim olunan digər investisiya layihələri nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılanıb. Görüş zamanı "Ağ Şəhər" layihəsinə investisiya qoyulması perspektivləri müzakirə edilib, qonaqlar tərəfindən bu layihəyə yerli və xarici investorların cəlb edilməsi üçün yaradılan əlverişli şərait yüksək qiymətləndirilib. Həmin gün Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osmanın rəhbərlik etdiyi nümayəndə heyətində təmsil olunan iş adamları Sumqayıt Texnologiyalar Parkında (STP) olub. Qonaqlara Sumqayıt Texnologiyalar Parkında həyata keçirilən layihələr haqqında məlumat verilib. Bildirilib ki, ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qısa müddətdə 250 hektarlıq ərazidə bütün Cənubi Qafqazda analoqu olmayan müasir texnopark yaradılıb. Burada 17 zavod artıq uğurla fəaliyyət göstərir. Qeyd edilib ki, gələcəkdə burada ixracyönümlü məhsullar istehsal edən yeni zavodlar yaradılacaq. Nümayəndə heyəti daha sonra STP-də zavodları gəzərək onların işi ilə yaxından tanış olub, istehsal prosesini maraqla izləyiblər. Müasir texnologiyalara əsaslanan və rəqabət qabiliyyətli məhsul istehsalı qonaqların marağına səbəb olub.

 

Mənbə: Trend.Az

11 dekabr 2013
GO BACK