Qadin.NET / Azərbaycan yol polisi müraciət etdi: Artıq bəsdir!

Azərbaycan yol polisi müraciət etdi: Artıq bəsdir!

 

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, Azərbaycanda son zamanlar piyadaların iştirakı ilə baş verən hadisələrin, eləcə də ölən və xəsarət alanları sayı artıb. Artıq hər ay ən çox hadisə piyadaların vurulması ilə bağlı olur ki, bu da çox ciddi narahatlıq doğurur. K.Əliyev deyib ki, hesabat dövründə yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan piyadaların inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı 108 min protokol tərtib edilib: "Buna baxmayaraq, təəssüf ki, piyadalar yol hərəkəti qaydalarına laqeyd yanaşır, həyatlarını təhlükə altında qoyurlar. Piyadalarımız bir az da diqqətli olmalıdırlar. Yolu keçərkən əvvəla fikir verməlidirlər ki, haradan keçirlər. Yolu necə gəldi keçməsinlər, xüsusilə günün qaranlıq saatlarında diqqətli olmalıdırlar. Başa düşməlidirlər ki, yolu keçərkən onların düşündüyü kimi, avtomobilin sürücüsü hər zaman onları görmür, bəzən qaranlıqda yolda sürücünün görmə qabiliyyəti məhdudlaşır, çətinləşir. Xüsusilə də yağmurlu hava şəraitində. Ona görə də piyadalar yolu keçərkən özlərini, övladlarını, valideynlərini də düşünsünlər". K.Əliyevin sözlərinə görə, təkcə dünən, dekabrın 9-da republikada 23 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 7 nəfər ölüb, 27 nəfər yaralanıb. Onlardan 5 hadisə məhz piyadaların vurulması ilə bağlı olub. Bu zaman 2 piyada ölüb, 3 nəfər yaralanıb. Dekabrın 8-də isə 13 hadisə olub, 1 nəfər ölüb, 18 nəfər yaralanıb. Orada da 3 hadisə piyadaların vurulması ilə bağlı olub. DYP sözçüsü, həmçinin sürücülərə müraciət edərək onları sürət həddinə diqqət etməyə və ötmə qaydalarını yerinə yetirərkən tələsməməyə çağırıb: "Tələsmək insanı heç də hər zaman mənzil başına vaxtında çatdırmır. Avtomobili yüksək sürətlə idarə etməklə, qaydanı pozaraq ötüb keçməklə mənzil başına tez çatmayacaqlar. Onsuz da, qaydanı pozanla pozmayanın arasında maksimum 2-3 dəqiqə fərq olur. Yəni ötmə əməliyyatını aparan, sürət həddini aşan insan normal vəziyyətdə hərəkət edən iştirakçıdan 5 dəfə artıq risk edir. Onun 1 dəfə bəxti gətirə bilər, 2 dəfə bəxti gətirər, amma 3-cü dəfə mütləq o, bir hadisə törədəcək. Bununla da özünə və ətrafındakılara təhlükə yaradır. Artıq bəsdir! Camaat fikirləşməlidir ki, axı mən hara gedirəm, hara tələsirəm, niyə tələsirəm. Gedib mənzil başına 2-3 dəqiqə tez çatmaq kimə nə verib? Niyə buna görə özünün və başqalarının həyatı ilə risk etməlidir? Bax, bizdə bu hadiələrin çoxu tələsməkdən yaranır. İstər piyada olsun, istəsə də sürücü olsun". Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin 11 ayı ərzində 2646 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 1061 nəfər ölüb, 2761 nəfər yaralanıb. Piyadaların vurulması ilə nəticələnən qəzalar hadisələrin ümumi sayının 38,1 faizini təşkil edir. Hesabat dövründə piyadaların vurulması ilə bağlı 1010 fakt qeydə alınıb. Bu zaman 364 nəfər ölüb, 728 nəfər yaralanıb. Ötən ilin analoji dövrü ilə müqayisədə belə hadisələrin sayı 46, ölənlərin sayı 12, yaralananların sayı isə 38 fakt çoxdur.

Mənbə: Milli.Az

11 dekabr 2013
GO BACK