Bu gündən etibarən yol polisi respublikada, xüsusən də Bakıda avtobus sürücülərinə qarşı genişmiqyaslı reydlərə başlayıb. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnikiKamran Əliyev bildirib. Şöbə rəisinin sözlərinə görə, reydlərin keçirilməsində məqsəd ağır qəzaların baş verməsinin qarşısını almaq, sərnişindaşımada nizam-intizam yaratmaq, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Yol polisi tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı ciddi tədbirlər görüləcək. Onlar bilməlidirlər ki, onlarla insanın həyatına görə məsuliyyət daşıyırlar. İnsanların həyatı ilə oynamaq olmaz. Ona görə də avtobus sürücüləri diqqətli olmalı və "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi riaayət etməlidirlər". Qeyd edək ki, 2013-cü ilin 11 ayı ərzində avtobusların iştirakı ilə 97 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 52 nəfər ölüb, 116 nəfər xəsarət alıb.
Mənbə: Milli.Az