"Bu gün Azərbaycanın qazandığı nailiyyətlərin əldə olunması, müasir Azərbaycanın ərsəyə gəlməsi, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı ulu öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır". Bu barədə Trend-ə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.B.Muradova qeyd edib ki, Heydər Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçirilməkdədir: "Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf trayektoriyası istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır".Vitse-spiker qeyd edib ki, bir neçə il öncə başlayan qlobal maliyyə böhranının fonunda ölkəmizdə müşahidə olunan dayanıqlı iqtisadi inkişaf Azərbaycanda həyata keçirilən uğurlu daxili iqtisadi-sosial siyasətin bəhrəsi sayıla bilər: "Bu, ölkəmizin inkişafının əsas təməl prinsipini özündə əks etdirən ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycanda paralel olaraq bütün sahələr üzrə inkişafı təmin etməsini əsaslandıran amildir. Dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin, inkişafının təminatında, istərsə də beynəlxalq dayaqlarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir".Milli Məclis sədrinin müavini bildirib ki, qeyd olunan sferalarda qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahədə qazanılan uğurlar ilk növbədə xalqın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Mənbə: Milli.Az