“Baku Fires” boks klubu dekabrın 14-də Ümumdünya Boks Seriyasında (WSB) növbəti görüşünü keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız Sankt-Peterburq şəhərində WSB liqasının 4-cü turu çərçivəsində Rusiya boksçuları ilə qarşılaşacaq. Şimal qonşumuz 3 görüşdən 4 xal toplayaraq, qrupda 4-cü yeri tutur. “Baku Fires” isə 3-cü pillədədir. Rusiya komandası son turda səfərdə “Cuba Domaderos”a 0:5 hesabı ilə məğlub olub.
Komandaların heyətləri artıq məlumdur:
Rusiya - “Baku Fires”
52 kq. Mişa Aloyan - Rauf Ağayev
60 kq. Adlan Abduraşidov – Xurşid Tocibayev
69 kq. Aleksandr Besputin – Yevgeni Ramaşkeviç
81 kq. Dmitri Bivol – Mixail Dolqolevets
91+ kq. Sergey Kuzmin – Hacı Murtuzəliyev
Rusiya komandası cari mövsümdə güclü heyəti ilə seçilir. Bu dəfə rəqib komandada Aloyan və Kuzmin kimi tanınmış boksçular rinqə çıxacaq.
Milliyətcə yezidi kürdü olan Aloyan 2011-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub. O, London Olimpiadasının bürünc mükafatçısıdır, 52 kq çəki dərəcəsində Rauf Ağayev WSB liqasında debüt edəcək. Ağayev əvəllər peşəkar rinqdə bir neçə döyüş keçirib.
Super ağır çəki dərəcəsində mübarizə aparan Sergey Kuzmin 2010-cu ilin Avropa çempionudur. Bu il Minskdə keçirilən qitə çempionatında isə Kuzmin finalda milli komandamızın üzvü Məhəmmədrəsul Məcidova uduzmuşdu.
Rusiya komandasının heyətində Aleksandr Besputin də 2013-cü ilin Avropa çempionatında qızıl medal qazanıb.
Bu görüşdə “Baku Fires”in heyətində Ağayevdən başqa Ramaşkeviç və Dolqolevets debüt edəcəklər.
Mənbə: Milli.Az