Qadin.NET / Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər

Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər

 

Ukraynanın sabiq prezidenti Leonid Kravçukun hakimiyyət və müxalifət nümayəndələrinin iştirakı ilə təşkil etmək istədiyi "dəyirmi masa" baş tutmayıb. APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, “Svoboda” Partiyasının lideri Oleq Tyaqnibok "dəyirmi masa"ya dəvət almadıqlarını söyləyib: “Bizi heç kim bu barədə məlumatlandırmayıb. Heç kim zəng etməyib və qasid göndərməyib” O. Tyaqnibok hakimiyyətlə danışıqlar aparmaq üçün meydanın icazəsini almaq lazım olduğunu vurğulayıb: “Biz xalqdan sanksiya almalıyıq”. “Batkivşina” Partiyasının liderlərindən olan Aleksandr Turçinov bəyan edib ki, danışıqların başlaması üçün hakimiyyət müxalifətin ilkin tələblərini yerinə yetirməli və saxlanılan fəalları azadlığa buraxmalıdır. Eyni partiyadan olan deputat Nikolay Tomenko isə bildirib ki, müxalifət yalnız beynəlxalq vasitəçilərin iştirakı ilə birbaşa prezident Viktor Yanukoviçlə danışıq apara bilər: “Rəqqaslar, fiqurlu konkisürənlər, siyasi təqaüdçülər Ukraynanın taleyini həll etməməlidirlər”. Xatırladaq ki, dekabrın 9-da prezident Viktor Yanukoviç L.Kravçukun "dəyirmi masa" ideyasını dəstəkləyib, lakin o, bu gün "dəyirmi masa"ya qatılmayıb və sabiq prezidentlər L. Kravçuk, L. Kuçma və V. Yuşşenko ilə görüş keçirməklə kifayətlənib.

 

Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK