Qadin.NET / "Beynəlxalq təşkilatlar öz öhdəliklərini yerinə yetirmək istəmirlər"

"Beynəlxalq təşkilatlar öz öhdəliklərini yerinə yetirmək istəmirlər"

 

Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədriRəbiyyət Aslanova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə BMT Baş Assambleyası tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi münasibətilə "Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları" mövzusunda keçirilən konfransda bildirib.
 R.Aslanova qeyd edib ki, dünyada elə bir sənəd yoxdur ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən daha böyük nüfuza sahib olsun. 65 il əvvəl qəbul olunmuş bu sənəd daha sonra bu istiqamətdə 70 beynəlxalq konvensiyanın əsasını təşkil edib və bu Bəyannamənin müddəaları pozularsa, dövlətlərin demokratik inkişaf yolunda böyük maneələr yaranar.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasına diqqəti yönəldən komitə sədri qeyd edib ki, dünyadakı 62 milyon qaçqın və məcburi köçkünün 1 milyonu Azərbaycandadır.
Dünyada ikili standartların olduğuna işarə edən Rəbiyyət Aslanova bir sıra beynəlxalq təşkilatları öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib: "BMT-nin bir dövlətinin digər üzvünə qarşı təcavüzü yolverilməzdir. Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar öz öhdəliklərini nə dərəcədə yerinə yetirirlər və yerinə yetirirlərmi? Beynəlxalq təşkilatlar öz öhdəliklərini dəqiq yerinə yetirmirlər və ya yerinə yetirmək istəmirlər. Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzvüdür və öz üzərinə düşən vəzifələri yerinə yetirir. Biz eyni şeyi həmin təşkilatlardan da gözləyirik". Millət vəkili vurğulayıb ki, əgər dini etiqad azadlığından danışırıqsa, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən məscidlərimizin, dini abidələrimizin dağıdılmasını da qeyd etməliyik: "Azərbaycanda heç zaman dini zəmində qarşıdurma olmayıb və olmayacaq. Azərbaycanda din-dövlət münasibətləri sahəsində olduqca uğurlu və beynəlxalq təcrübədən yaranmış nümunə var. Azərbaycan dövlətinin tolerantlıq nümunəsi beynəlxalq təcübəni zənginləşdirən nümunədir. Yaxşı olar ki, bunu etiraf etsinlər, Ermənistanın iç üzünü açaraq onun işğalçılıq siyasətindən danışsınlar". Komitə sədri qeyd edib ki, Azərbaycanda insan hüquqlarının, o cümlədən dini etiqad azadlığının təmin olunması, səmərəli müdafiəsi məqsədilə mükəmməl qanunvericilik bazası yaradılıb. Bu sahədə həm nəzəri, həm də əməli inkişaf əldə edilib. Qəbul edilən "Dini etiqad azadlığı haqqında" qanun buna nümunədir. Zamanın tələblərinə uyğun olaraq bu qanuna dəyişikliklər edilir. Dini konfessiyaların sosial sifarişini qəbul edərək onlara yardım göstərilməsi isə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir.

Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK