Nazirin sözlərinə görə, Avropa və Asiyanın kəsişməsində yerləşən coğrafi mövqeyinə görə Azərbaycan əsrlər boyu qərb və şərq sivilizasiyaları arasında körpü rolunu oynamışdır. Azərbaycan hər zaman dünyada İslamın mədəni və mənəvi dəyərlərini təşviq etmişdir: "Azərbaycan Respublikası hər zaman dini nifrətə rəvac verilməsi və dinlərin təhqir olunmasına qarşı qəti mübarizəyə çağırmışdır. Bu gün mövcud olan İslamofobiya meyllərinin qarşısını almaq üçün İƏT çərçivəsində səylərimizin birləşdirilməsi çox vacibdir. Müsəlmanlara qarşı İslamofobiya meylli yanaşma yalnız qəbuledilməz olmayaraq, eləcə də İslamofobiyaya qarşı müsəlman dövlətləri arasında həmrəylik və dialoqun gücləndirilməsi zərurətini yaradır".
E.Məmmədyarov hesab edir ki, İslam Dünyasının qarşılaşdığı davamlı problemlər İƏT çərçivəsində geniş və səmərəli əməkdaşlığı vacib edir: "Azərbaycan xalqı bir daha qardaş Fələstin xalqına sabitlik və sülh naminə mübarizəsində və müstəqil dövlətinin yaradılmasında tam dəstəyini bəyan edir. 11 iyun 2013-cü il tarixində Bakı şəhərində Fələstin Dövlətinə yardım məqsədilə Təhlükəsiz İslam Maliyyə Şəbəkəsinin yaradılması və Müqəddəs Əl-Qüds şəhərinə dəstək üzrə iki İƏT-in xarici işlər nazirlərinin konfransları keçirilmişdir. Sözügedən konfranslar zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndə heyəti ehtiyac duyulan sosial və infrastruktur layihələrinin həyata keçirilməsi üçün Fələstinin hökumət orqanları və BMT-nin qurumları ilə görüşlər keçirir".Nazirin sözlərinə görə, Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsi və işğal edilmiş ərazilərdə dəhşətli etnik təmizləmənin törədilməsini qınayaraq göstərdiyi davamlı mövqeyə görə Azərbaycan İslam Ümmətinə, hər bir İƏT üzv dövlətinə və İƏT Katibliyinə təkrarən öz minnətdarlığını izhar edir: "Biz xüsusilə BMT Təhlükəsizlik Şurasının, İƏT-in və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrində və qərarlarında tələb olunan dərhal, qeydi-şərtsiz və tam şəkildə erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən çıxarılması çağırışlarına görə İƏT-in üzv dövlətlərinə minnətdarlığımızı bildiririk".
Mənbə: Milli.Az