Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar "Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur" mövzusunda tədbir keçirilib.Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 12 dekabr 2003-cü il Azərbaycan üçün həm faciəvi, həm də təhlükəli tarix idi: "Lakin biz ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində bu təhlükədən qurtula bildik. Ulu öndər Heydər Əliyevin doğum günü - 10 may sevinc günüdürsə, onun vəfatı günü - 12 dekabr bizim üçün faciəvi gündür. Biz o günədək hesab edirdik ki, Heydər Əliyev yalnız Azərbaycan xalqına məxsusdur. Lakin həmin gün gördük ki, o, bütün dünyaya məxsusdur. Heydər Əliyev bütün dünyaya xidmət edirdi. Bütün dünya siyasətçiləri ondan bəhrələnirdi, ondan məsləhət alırdılar".Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın inkişafı dayanmayıb, davam edir. Azərbaycan yeni eraya qədəm qoyur: "Bu gün bizim işğal olunmuş torpaqlarımızdan başqa ciddi problemimiz qalmayıb. Prezident İlham Əliyevin iradəsi və bacarığı ilə bu problemi də həll edəcəyik".Əli Həsənov bildirib ki, Heydər Əliyev yenidən hakimiyyətə qayıdanadək Ermənistandan qaçqın düşmüş və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün həyatı yaşamağa məcbur olmuş insanlar üçün, demək olar ki, heç bir iş görülməmişdi. Lakin Heydər Əliyevin hakimiyyəti illərində onlara dövlətin diqqət və qayğısı artırıldı, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görüldü.Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlər üçün görülmüş işlərin 92 faizi məhz son 10 ilin payına düşür.Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış maketə baxış keçirilib. Daha sonra Azərbaycan və ingilis dillərində nəşr olunmuş "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabının təqdimatı olub.
Mənbə: Milli.Az