“Avtomobillər hal-hazırda praktiki olaraq nəinki bizim, bütövlükdə dünyanın ekoloji problemi içərisində böyük bir yer tutur. Qeyd edim ki, avtomobil nəqliyyatı çirklənmə dərəcəsinə görə digər nəqliyyat növləri ilə müqayisədə ən təhlükəlisidir və payına düşən zəhərli qazların 87%-ni təşkil edir. Yerdə qalan hava nəqliyyatının, dəniz nəqliyyatının, gəmi nəqliyyatının payına isə cəmisi 13% düşür".Asnpress yazır ki, bunu "Xəbərçi"nin qonağı olan nəqliyyat ekologiyasi üzrə mütəxəssis Sülhəddin Gözəlov deyib. Onun sözlərinə görə, Bakı şəhərində də vəziyyət çox acınacaqlıdır. Ölkəmizdə il ərzində 1 milyon 200 min avtomobilin ətrafa atdığı xarici qazların içərisində zəhərli qazların miqdarı 800 min tondan çoxdur. Bakıda isə 500 min tona yaxınlaşır."Bunu praktiki olaraq həzm etmək çox çətindir, ətrafı çox çirkləndirir. Bu çirklənmənin ən başlıca səbəblərindən biri də son dövrdə ölkədə gedən intensiv avtomobilləşmədir, yəni sayının ilbəil, günbəgün artmasıdır və eyni zamanda, onların texniki cəhətdən nasaz olan, müəyyən standartlara uyğun gəlməyən avtomobillərin olmasıdır”.
Mənbə: Milli.Az