Qadin.NET / Amaliya Pənahova: "Mən sənətə gəlmədim ki..."

Amaliya Pənahova: "Mən sənətə gəlmədim ki..."

 

Bir çox yaddaqalan qadın obrazlarının yaradıcısı, iyirmidən artıq teatr tamaşalarına və televiziya filmlərinə rejissor kimi quruluşlar verən, bu illər ərzində daim tamaşaçı marağında olan, bu gün də gündəmdə olan ikinci çağırış millət vəkili, siyasi və ictimai xadim, xalq artisti, Dövlət Mükafatları Laureatı, sənətşünaslıq elmləri doktoru, professor, Bakı Bələdiyyə Teatrının yaradıcısı, bədii rəhbəri və direktoru, Şöhrət və Şərəf ordenli xanım Amaliya Pənahovanın Milli.Az-a müsahibəsi.
 - Biz bilirik ki, siz qadın obrazlarının mahir yaradıcısı olaraq kino və teatrda bir çox yaddaqalan obrazlar yaratmısınız. Amaliya xanım, aktrisalığa olan həvəsinizi nə vaxtdan hiss etməyə başladınız?

- Aktyorluğa həvəsi özümü dərk edən andan duydum. Baxdığım filmlərin qadın qəhrəmanlarının yerində hər-hansı bir məqamlarda özümü görürdüm.
Səhnənin və ekranın gözəlliyi və sehri məni özünə cəlb edirdi… Birdə özümü ifadə etmək həvəsi…
İstedad insanla birgə doğulur. O, ya var, ya yoxdu… Üstəgəl zəhmət, dözüm, iradə…
- İlk dəfə oynadığınız tamaşa hansı idi?
- İlyas Əfəndiyevin qələmə aldığı və teatr səhnəsində tamaşaya qoyulan “Sən həmişə mənimləsən” pyesində Nargilə rolu.

- Həmin tamaşadan sonra həyatınızda nə dəyişdi?
- O... çox şey. Səhnədə ilk çıxışımdan sonra bir gecənin içində məşhurlaşdım. 18 yaşım var idi, məni artıq respublikada tanımağa başladılar. Bu da mənin boynuma böyük məsuliyyət qoyurdu. Özümü təsdiqləyə bildim. Atam da mənim bacarığımı görüb öz xeyir-duasını verdi.

- Siz o zamanlar baş rolların mahir ifaçısı olan gənc bir aktrisa kimi tamaşaçıların rəğbətini və məhəbbtini qazana bilmişdiniz. Bəs sizcə, rejissorların maraq dairəsinə tez-tez düşməyinizə səbəb nə idi?
- Mənim çıxış elədiyim tamaşalar həmişə külli miqdarda tamaşaçılar yığırdı və teatra gəlir gətirirdi. Teatrşünaslar, tənqidçilər və tamaşaçılar oyunumu yüksək qiymətləndirirdilər, bu da rejissorları mənimlə işləməyə vadar edirdi. Onlar dəqiq bilirdilər ki, Amaliya çıxış etdiyi tamaşa mütləq uğur gətirəcək.

Yəqin ki, rejissorlar məndəki istedadı vaxtında aşkarlayıb üzə çıxarda bilmişdilər. Həmin dövrdə bir üçlük yaranmışdı. İlyas Əfəndiyev dramaturgiyası, quruluşçu rejissor Tofiq Kazımov bacarığı və aktrisa Amaliya Pənahova cazibəsi. Bax bu üçlüyün sayəsində o dövrlərdə tamaşalarda anşlaqlara tez-tez rast gəlmək olurdu. Demək olar ki, bir çox tamaşalar hadisəyə çevrilirdi.
- İllərlə Akademik Mili Dram teatrında fəaliyyət göstərmisiniz. Oradaki repertuarı çiyinlərinizdə şərəflə daşımısınız. İndi yolunuz həmin teatr tərəfdən düşəndə və oranı görəndə hansı hissləri keçirdirsiniz?
- Mən çox təəssüf edirəm ki, iyirmi bir il rəhbərlik etdiyim Bələdiyyə Teatrının buna bənzər binası yoxdur.
- Ailə quranda aktrisa olmağınız sizə bir maneçilik törətdi?
- Xeyr, heç bir maneçiliyi olmadı.
- Yoldaşınız sizi qısqanmırdı?
- Xeyr, çünki o, sənətin nə olduğunu çox gözəl bilirdi. İllərlə mənimlə çiyin-çiyinə çalışdı, mənə dayaq oldu. Hətta çəkiliş meydaçalarında da mənim yanımda olurdu. Bir-birimizə inanırdıq, etibar edirdik. Biz dost idik.

- Yoldaşınız dünyasını dəyişəndən sonra teatrın bütün işlərini tək görmək sizin üçün çətin oldu?
- Nəinki teatrın işlərini, elə həyatda da, ailədə də bütün işləri özüm görməli oldum. Təbii ki, başlanğıcda çox çətin oldu. Çünki biz Bakı Bələdiyyə Teatrını Yusiflə birgə yaratmışıq. O, yanımda olanda mən bir o qədər də əziyyət çəkmirdim. Lakin o, dünyadan köçəndən sonra bütün yük mənim üstümdə qaldı. Əvvəl-əvvəl çətinliyim olsa da, zamanla öyrəşdim.

- Təklik sizə nəyi öyrətdi?
- Daha ayıq-sayıq, daha diqqətli, daha da mübariz olmağı öyrətdi. Daha çox məsuliyyət daşımağa başladım.

- İllər keçsə də, gözəlliyinizi və təravətinizi itirməmisiniz. Maraqlıdır, Amaliya Pənahova plastik əməliyyatdan yararlanıb?
- Belə suallara cavab verməyi artıq bilirəm. Siz bəyəm kiməsə sual verirsinizmi ki, kim əl-üzünü gündə yuyur? Dişlərini fırçalayır, ya yox? Gülməlidir… Bu gün dünyada adi insanlardan tutmuş, hətta gənc qızlar belə özlərinə qulluq edir və gözəl olmağa çalışır. İnsanın estetik görünüşünü saxlamaq üçün bu gün o qədər vasitələr var ki, nəinki sənətkarlar, siyasətçilər, müəllimlər hətta adi insanlar belə öz görünüşlərinə diqqət yetirirlər. Bu, artıq heç kəsi təəccübləndirməməlidir. Bunu şouya da çevirmək lazım deyil.

- Sizcə, nəyə görə bizim filmlər dünya səviyyəsinə çıxa bilmir?
- Bu gün dünyada filmərimizi tanıdıb, təsdiqlətmək üçün ilk əvvəl lazımi maliyə dəstəyi ilə yanaşı, sözsüz ki, kadrların bilik və bacarıq səviyyəsi vacibdir. Sənətin bir çox sahələrində professionallar yox dərəcəsindədir. Bir çox istedadlı gənc rejissorlara və operatorlara vaxtında layiqli etimad göstərilmədiyindən onlar ya başqa ölkələrdə fəaliyyətdədirlər, ya vətəndə başqa sahələrdə çalışırlar, yaxud da boyunlarını büküb, kənara çəkilib talehdən öz məqamlarını gözləyirlər. Bizim çox istedadlı, bu işi bacaran və sevən kino sənətini öz həyat amalı edən gənclərimiz var, onları aşkarlayıb, onlara etimad göstərmək gərəkdir. Bu gün bu istiqamətdə artıq işlər başlayıb. Güman edirəm bir müddət keçəcək və bizim kinomuz da beynəlxalq aləmdə öz sözünü deyə biləcək.

- Qayğılarınız çoxdur?
- Qayğılar həmişə olub, bundan sonra da olacaq. Rəhbəri olduğum teatrın işləri ilə əlaqədar bir az qayğılarım çoxalıb. Məsələn, illərdir bizə yeni teatr binasının verilməsini gözləyirik. Aktyor heyətinin məşqləri hər dəfə ayrı-ayrı yerlərdə aparması, eləcə də tamaşalarımızın müxtəlif yerlərdə göstərilməsi bizim üçün çətindir, tamaşaçıları bir ünvana öyrətmir.

- Sizin üçün yuxu kimi görünən nədir?
- Texnologiyanın bu qədər inkişafı, dünyanın bu gün sənin ovcunda yerləşməyi. Evdə ola-ola sən dünyada baş verən bütün yeniliklərlə əyani tanış ola bilirsən. Bu möcüzədir…

- Qarşınızda illər öncəki Amaliya Pənahova olsa idi, sizcə, indiki Amaliya Pənahovaya nə deyərdi?
- Deyərdi ki, hər şey yaxşıdır. Necə mübariz olub, gündə özünü təsdiqləyə bilmisənsə, eləcə də qal. Əvvəl necə idinsə, indi də elə ol. Nə qədər gücün var, o qədər də xalqına, vətəninə, tamaşaçılarına xidmət et...

- Mən sənətə gəlmədim ki... Bu fikri necə tamalamaq istərdiniz?
- Mən sənətə gəlmədim ki, ucuz şöhrətim olsun. Gəldim ki, əsl sənəti yaşadım. Bir də ki, mən şöhrəti yox, şöhrət məni tapdı.

Mənbə: Milli.Az

10 dekabr 2013
GO BACK