Məktəbli çantalarının ağır olması uşaqların sağlamlığına təhlükə yaradır. Ağır çantaların düzgün daşınmaması şagirdlərdə skolioz yarada bilər. Anspress yazır ki, çox vaxt çantaların ağırlığı yuxarı siniflərə qalxdıqca bir az da çoxalır. Bəs görəsən, bu çəkidə olan çantaları hər gün məktəbə aparıb-gətirmək şagirdlərə bir çətinlik törətmir ki? Doğrudanmı məktəblilərin elm öyrənmək, savadlanmaq üçün istifadə etdikləri dərsliklərin ağırlığı onların sağlamlığını təhlükə altına alır? Həkim-vertebroloqİradə Hacıyeva deyir ki, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo, 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. Dərs vəsaitlərinin çoxluğu ucbatından ildən-ilə ağırlaşan məktəbli çantalarının şagirdlərin sağlamlığına təhlükə törətməsi haqda sualımızı isə Təhsil Nazirliyinin Dərsliklər və Nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyevbelə cavablandırdı: “Əslinə qalanda dərsliklərin məktəbdən evə, evdən məktəbə daşınması elə də effektiv hal deyil. Dünya praktikasında belədir ki, dərslər məktəbdə öyrədilir, heç də dərsliklərin məktəblə ev arasında daşınmasına ehtiyac qalmır”. Dünya praktikasında isə artıq çeşid-çeşid ağır dərs vəsaitlərinin yerini elektron kitablar tutur. Çünki çəkisi 700 qram olan planşetə bütün dərs vəsaitlərini yerləşdirmək mümkündür.
Mənbə: Milli.Az