“Azərbaycan cəmiyyətində kişi və qadının bir neçə dəfə nikaha girməsi normal qarşılanmır” Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev isə çoxnikahlılığın sosial və əxlaqi tərəflərinin olmasını önə çəkir. “Nikahın dini və hüquqi tərəflərindən başqa, həm də əxlaq və sosial tərəfləri də var. Qanunda istər kişi, istərsə də qadının neçə dəfə nikaha girməsinə məhdudiyyət yoxdur. Bu əslində insan haqqıdır. Yalnız ona məhdudiyyət var ki, bir kişi bir qadınla rəsmi nikahda ola bilər. Bizim qanunvericiliyimiz eyni anda iki nikahda olmağa icazə vermir. Neçə dəfə nikahı pozub bir neçə dəfə nikaha girmək isə qanundan çox, əxlaqi səciyyə daşıyır. Eyni zamanda da sosial şərtlərlə bağlı olan bir məsələdir. Burada bir daxili mədəniyyət məsələsi də var. Azərbaycanda evlilik cütlüklərinin tam böyük əksəriyyəti bir dəfə nikaha girməklə ömür yoluna davam edənlərdir. Nikahda daxili mədəniyyətə gəlincə, hər bir cəmiyyətin özünün bir əxlaq normaları var. Qanunda normalar yazılır, Milli Məclis qanunu qəbul edir, prezident təsdiq edir. Daha sonra qanun qüvvəyə minir. Əxlaq normaları isə adət-ənənələrlə formalaşan və illərlə nəsildən-nəslə ötürülən yazılmamış qanunlardır. Bir kişi 4-5 dəfə evlənibsə, ətrafı adətən ona yaxşı baxmır. Bu tərəfdən də deyə bilərəm ki, bizim cəmiyyətdə əksər hallarda yalnız bir dəfə evlənirlər və ömürlərinin axırına kimi də yaşayırlar. Bu, yaxşı bir Azərbaycan ailəsinin modelidir”, - millət vəkili deyib. “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında dində kişi və qadının nikaha girməsinə məhdudiyyətin olmadığını deyir. “Çoxarvadlılıq haqqında çox zaman geniş danışırlar. Bir kişi eyni zamanda 4 qadınla evlənə bilər. Əslində bu, İslam dinin təşviq etmədiyi bir şeydir. Sadəcə, İslam dini buna icazə verir. Buna praktikada əməl etmək çox çətin olur. Müharibələrdə kişilər tələf olduğu üçün din qadınların ikinci dəfə nikaha girməsinə icazə verir ki, ailə başsız qalmasın. Bu da istisna hallar üçündür. Əgər dində kəbin pozularsa, qadın və yaxud da kişiyə din nə qədər istəyirsə, nikaha girməyə icazə verir. Amma cəmiyyətdə bu, normal qarşılanmır. Eyni zamanda cəmiyyətdə müxtəlif insanlar olduğu üçün din də insanları nəzərə alır. Cəmiyyətdə həyat yoldaşı ölmüş kişinin yenidən nikaha girməsinə cəmiyyət pis baxırsa, din bunu normal qəbul edir. Çünki insanın ailəsiz yaşaması müxtəlif çətinliklərə gətirib çıxarır. Əgər qadın nikahı pozub ikinci nikaha girmək istəyirsə, bunu 4 ay 10 gündən sonra həyata keçirə bilər. Kişinin isə nikahı pozulubsa, növbəti nikaha girməsi üçün vaxt məhdudiyyəti yoxdur. Qadın üçün vaxt müddətinin müəyyən olunması ona görədir ki, həmin müddətdə barışıq ola bilər”.
Mənbə: Milli.Az