Qadin.NET / Azərbaycana 30 sm qalınlıqda qar yağdı

Azərbaycana 30 sm qalınlıqda qar yağdı

 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şamaxıda güclü qar yağıb. Buz bağlayan yollarda hərəkət məhdudlaşıb. Rayonun Pirqulu və Ağsu istiqamətlərində yollarda sürücülər çətin anlar yaşayıblar. Bəzi dağlıq kəndlərlə nəqliyyat əlaqəsi təmamilə kəsilib. Hazırda Keşmədin, Pirbəhli, Səfalı, Zarat və Xeybəri kəndlərinə gediş-gəlişi bərpa etmək üçün əlaqədar qurumlar hərəkətə keçib. Elə kəndlər də var ki, əlaqə tam olaraq kəsilməsə də, vəziyyəti qənaətbəxş saymaq olmaz. Daha çox tədbirsiz sürücülər çətinliklə üzləşiblər. Bəzi avtomobillər sürüşərək yoldan çıxıb. Bəziləri isə qarda batıb qalıb. Dumanlı hava isə öz növbəsində bu çətinliyi ikiqat artırır. Oxşar vəziyyət Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində də müşahidə olunur. Yollarda hərəkətin intensivliyini təmin etmək üçün 8 saylı Qobustan Yol İdarəsinin lazımi sayda işçi və texnikası əraziyə cəlb olunub. Hazırda bu istiqamətdə işlər davam edir. Sürücülərə isə daha tədbirli olmaq və mümkün qədər alternativ yollardan istifadə etmək tövsiyyə olunur. Göygöl rayonunun dağ kəndlərinin sakinləri isə çarəsiz duruma düşüblər. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, güclü qar Göygöl rayonunun dağ kəndlərində ciddi problemlər yaradıb. Rayonun Yeni Zod və Topalhəsənli kəndlərində qarın qalınlığı 30 santimetrə çatıb. Qarlı-şaxtalı hava Gəncə-Toğanalı avtomobil yolunda avtomobillərin hərəkətini çətinləşdirib. Dağ kəndlərinin sakinləri çarəsiz duruma düşüblər.
Mənbə: Milli.Az

 

9 dekabr 2013
GO BACK