DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərasimi açaraq ölkəmizin başçısının Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə, insan və vətəndaş hüquq və azadlıqlarının təminində rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini, bu mənada son 10 ildə təxminən 500 əməkdaşın dövlət mükafatlarına layiq görülməsini şəxsi heyətə verilən yüksək dəyərin və göstərilən etimadın əyani təsdiqi olduğunu vurğulayıb. Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atıldığını xatırladan nazir əsası ulu öndər tərəfindən qoyulmuş daha bir ənənənin - fərqlənmiş əməkdaşların mükafatlandırılmasının da möhtərəm dövlət başçımız tərəfindən davam etdirildiyini, 1 iyul 2013-cü il tarixli məlum sərəncamlarla 41 əməkdaşın yüksək dövlət mükafatları və fəxri adlarla təltif olunduğunu vurğulayıb, bu ali diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirib.
Sonra Baş Kadrlar İdarəsənin rəisi, polis general-mayoru İsmət Əliyevtəltif olunmuş əməkdaşların siyahısını elan edib, onlardan 35 nəfərinin mərasimə dəvət olunduğunu deyib.
Nazir R.Usubov mükafatları təqdim edərək fərqlənənləri bir daha təbrik edib, hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırladıb, tədbir iştirakçılarına Vətənə məhəbbətlə, dövlətçiliyə sədaqətlə xidmət etməyi və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərmələrini tövsiyə edib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.
Təltif olunanların adından çıxış edən polis polkovnik-leytenantı Vüqar Ələkbərov yüksək mükafatlara görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib, bu böyük etimadı layiqli xidmətləri ilə doğruldacaqlarına söz verib.
Mənbə: Milli.Az