Qadin.NET / Hərbi xidmətə çağırışın yaş həddi artırılır?

Hərbi xidmətə çağırışın yaş həddi artırılır?

Azərbaycanda hərbi xidmətə çağırışın yuxarı yaş həddi artırılmayacaq Bu barədə Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda hərbi xidmətə çağırışın yuxarı yaş həddinin 40 yaşa çatdırılacağı barədə yayılan xəbərlər həqiqətəuyğun deyil:

"Buna heç ehtiyac da yoxdur. Yayılan xəbərlərdə hərbi qanunvericiliyə ediləcək bu dəyişikliyin guya hərbi çağırış sisteminin NATO standartlarına uyğunlaşdırılması məqsədi daşıdığı bildirilsə də, belə bir dəyişikliyin ediləcəyi gündəlikdə yoxdur. 
İkincisi, Azərbaycanda çağırışın yuxarı yaş həddinin 35-ə qaldırılması o zaman gerçəkləşdi ki, 27 yaş bütövlükdə o dövrdə çağırışçıların hamısını əhatə edə bilmirdi. O zaman ailə vəziyyəti, təhsil durumu və başqa hallara görə geniş əhali kateqoriyasına möhlət hüquqları verilirdi. 2008-ci ildə bu güzəştlər demək olar ki, aradan qaldırılandan sonra mənzərə tamamilə dəyişdi. Belə ki, əgər sağlamlıq vəziyyətinə görə hər hansı şəxs möhlət hüququ əldə edirsə, o halda çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra isə sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün isə məhdud yararlı hesab edilərək ehtiyata keçirilir. Təhsillə bağlı isə yalnız bakalavr pilləsində möhlət verilir. İkinci möhlət hüququ yoxdur. Başqa vəziyyətə görə 35 rəqəminin özü artıq formaldır. Belə olan halda yaş həddinin 38 və ya 40 edilməsinin də heç bir mənası qalmır. Hətta düşünürəm ki, bu yaş həddi 30 olsa belə, yetərli hesab oluna bilər".
Millət vəkili deyib ki, hərbi qanunvericilikdə bununla bağlı hər hansı dəyişikliyin edilməsi məsələsi qətiyyən gündəmdə yoxdur və hazırda Milli Məclisdə müzakirə edilmir: "Azərbaycan dövlətinin indiki halda belə bir addımı atmağa heç bir ehtiyacı da yoxdur. Azərbaycanda çağırışçı sayı kifayət qədərdir. Orta məktəbdə 1-ci sinifə gedən oğlan uşaqlarının sayı nəzərə alınsa, 10 ildən sonra orduya gedəcək çağırışçıların təxmini sayını söyləmək olar. Çağırışçıların sayı ilə hər hansı bir ajiotajın yaşanmadığı halda çağırışçıların yaş həddinin artırılmasına nə ehtiyac var?! Buna daha çox Ermənistanın ehtiyacı var, çünki Azərbaycandan fərqli olaraq Ermənistan tükənən resurslara malikdir".
Qeyd edək ki, hazırda qüvvədə olan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 18-ci maddəsinin 2-ci bəndinə əsasən, çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdır.

Mənbə: Milli.Az

9 dekabr 2013
GO BACK