Dekabrın 9-12-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Tokioda rəsmi səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda deyilir. İki ölkə arasında İKT sahəsində əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri, təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri, daxili işlər və rabitə üzrə dövlət katibi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmçinin səfər zamanı Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, "Mitsubishi", TEPIA - Yüksək Texnologiyalar Mərkəzi, NHK - Radio-televiziya Yayım Korporasiyasının fəaliyyəti ilə yaxından tanışlıq, eyni zamanda sözügedən ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlərin keçirilməsi də planlaşdırılır.
Mənbə: Milli.Az