Qadin.NET / Bakıda "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" keçiriləcək

Bakıda "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" keçiriləcək

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə dekabrın 9-13-də Bakıda "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" adlı layihə həyata keçirəcək.
Trend-in AGAT-a istinadən verdiyi məlumata görə, layihənin məqsədi Azərbaycanın avrointeqrasiya prosesində yeri və rolu barədə Avropa gənclərinə məlumat verilməsi, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, avropalı gənclərə Azərbaycan həqiqətləri, əsasən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və enerji siyasəti ilə bağlı müzakirələrin təşkil edilməsidir.
Forumun əsas mövzuları "Avropaya İnteqrasiya prosesində Şərq Tərəfdaşlığı siyasətində Azərbaycanın rolu", "Avropa təsisatlarında Azərbaycan gənclərinin fəaliyyətinin aktivliyi", "Azərbaycanın Avroatlantik məkanda inkişaf perspektivləri", "Şərq tərəfdaşlığı" və s. olacaq. 10 Avropa ölkəsindən 15 nümayəndə forumda iştiraka vəsiqə qazanıb. Fransa, Almaniya, İsveçrə, Türkiyə, Böyük Britaniya, Polşa, İspaniya, Ukrayna, Belçika və Macarıstanın gənc fəalları forumda iştirak edəcəklər.

Mənbə: Milli.Az

9 dekabr 2013
GO BACK