Azərbaycanda peşə təhsili müəssisəsini bitirənlərin işlə təmin edilməsi istiqamətində aparılan fəaliyyət gücləndiriləcək.
Trend-in xəbərinə görə, bu barədə məlumat verən Təhsil Nazirliyinin Peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov jurnalistlərə bildirib ki, bu proseslərə sosial tərəfdaşların daha çox cəlb edilməsi planlaşdırılır.
Şöbə müdirinin fikrincə, işəgötürən təşkilatlar kadr hazırlığı prosesinin mərkəzində olsalar, bunun nəticəsi daha yaxşı olar. Bununla onlar ehtiyaclarını daha asan şəkildə müəyyən etmək imkanı əldə edəcəklər: "Biz çalışacağıq ki, bu yolla peşə təhsili müəssisəsini bitirənlərin işlə təmin edilməsini gücləndirək. Bundan əlavə, peşə təhsili müəssisələrinin nəzdində qısamüddətli kurslar yaradılacaq. Bu kurslar vasitəsilə biz qısa müddət ərzində iş tapmaq istəyən, işləməyən vətəndaşların işlə təmin olunmasına çalışacağıq. Məzunların işlə təmin olunması üçün həm dövlət qurumları ilə birgə addımlar atılacaq, həm mövcud normativ hüquqi baza yenilənəcək".
N.Məmmədov bildirib ki, 2014-cü ildən başlayaraq "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, müasir peşə məktəblərinin yaradılması istiqamətində sosial tərəfdaşların peşə hazırlığına cəlb edilməsi, şəbəkənin optimallaşdırılması istiqamətində işlər görüləcək. Eyni zamanda, beynəlxalq və yerli təşkilatlar, iri maliyyə strukturları ilə nəinki Azərbaycanda, hətta regionda müasir tipli yeni peşə təhsili kompleksləri yaradılacaq. Yeni tikiləcək komplekslər nəqliyyat, tikinti, İKT, sənaye avadanlıqları üzrə ixtisaslaşmış müəssisələr olacaq.
Bu müəssisələr baza rolunu oynayacaq, gələcəkdə Azərbaycana böyük həcmdə investisiyanın cəlb edilməsi üçün kadr probleminin həll edilməsi istiqamətində imkanlar yaradacaq: "Növbəti ildən iki peşə təhsili müəsisəsinin sıfırdan yaradılması nəzərdə tutulur. Bunlardan biri nəqliyyat sektoru üzrə olacaq. Bu müəssisələrdə müasir avadanlıqlar yerləşdiriləcək. Məzmunun təkmilləşdirilməsi ilə yanaşı, xaricdən mütəxəssislərin dəvət olunması da nəzərdə tutulur. Bizim hazırladığımız mütəxəssislər nəinki yerli bazara, dünya əmək bazarına da uyğun olmalıdırlar. Ona görə də bu prosesdə beynəlxalq tərəfdaşlardan da istifadə etməliyik".
Nazirlik rəsmisi bildirib ki, 3 saylı peşə liseyinin bu tədris ilinin sonuna kimi öz fəaliyyətini davam etdirməsi üçün müvafiq şərait yaradılacaq. Amma növbəti tədris ilindən başlayaraq hansı addımlar atılacağı təhsil naziri tərəfindən müəyyənləşdiriləcək: "Çünki biz şəbəkənin optimallaşdırılması ilə əlaqədar müəyyən təkliflər hazırlayırıq. Bu müəssisə poliqrafiya sahəsi üzrə ixtisaslaşmış müəssisədir. Biz bu müəssisənin itirilməsində maraqlı deyilik. Lakin gələcəkdə bu müəssisənin harada və necə fəaliyyət göstərəcəyi barədə nazir məlumat verəcək".
Mənbə: Milli.Az