Day.Az saytının redaksiyasına Zara Süleymanova adlı oxucu tərəfindən məktub daxil olub. Milli.Az məlumat verir ki, bu oxucu da istilik probleminə toxunub. "Biz Çəmənzəmənli küçəsi 125 ünvanında yaşayırıq. Sentyabr ayında binamızdakı hər bir mənzilə boru çəkdilər. Otaqların sayından asılı olmayaraq bütün mənzil sahiblərindən 70 manat aldılar. Binamızın birinci mərtəbəsində "Topaz"ın ofisi var. Bu ofisdə boru çəkmək istəmədilər və ustaları zəbt etdikləri, bütün kommunikasiya xətlərinin keçdiyi zirzəmiyə də buraxmadılar. İstilik idarəsinə və mənzil istismar idarəsinə nə qədər şikayət etsək də, xeyri olmadı. Nəticədə indi binanın birinci blokunda istilik yoxdur. Əgər bizdə istilik olmayacaqdısa, onda nəyə görə pul ödədik? Xahiş edirəm bu məsələnin həllində köməklik göstərəsiniz". Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 116 saylı Mənzil İstismar İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, qeyd olunan məsələ onların səlahiyyətlərinə daxil deyil."Azəristiliktəchizat" ASC-nin 5 saylı bölməsindən isə bildiriblər ki, binanın istilik mövsümünə hazır olması üçün bütün işlər görülüb. "Binaya bütün istilik boruları çəkilib. Boruların çəkilməsi üçün tenderi udan şirkət işi düzgün görməyib. İsti su veriləndə ventil qırılıb. Bu səbəbdən biz isti suyun verilişini dayandırdıq. Bizim idarənin qeyd olunan problemlə bağlılığı yoxdur".
Mənbə: Milli.Az