Narazıların məntiqi isə ümumi şəkildə belə izah oluna bilər. Benzin qalxdısa, hər şey qalxacaq. İlk növbədə, elektrik enerjisi və bununla bağlı olduğu üçün bütün istehsal məhsulları. Daha çox aztəminatlı ailələrin cibi boşalacaq. Başı dolacaq. Maaşlar və təqaüdlərin qalxmasının effekti öləcək və burada da digər oxşar xırda para və sairlər…İndi isə ikinci sual. Bahalaşdırma planları barədə niyə əvvəldən xəbər verilmir? Əvvəla yəqin ona görə ki, dünyanın əksər ölkələrində belə qeyri-populyar addımlar qəflətən atılır. İndi hesab edək ki, xəbərdarlıq edilir: əziz xalqımız, bu gecə saat 12-də qiyməti artıracaq. Gəlin bundan sonrakı mənzərəni təsəvvür edək: çəllək qalmır, kanistr qalmır, ləyən qalmır, vedrə qalmır, hətta hamam vannalarına qədər, az-çox maye yığmaq qabiliyyətinə malik hər şey benzinlə doldurulur. Maşınlar yanacaq doldurma məntəqələrinə bir yox, 100 əlavə qabla gəlir, dayanmadan benzin vurulur, məntəqələrdə yanacaq ehtiyatı tükənir, basabas başlayır, dava-dalaş. Qarışıqlıq başlayır və sair… Bu ehtiyat nə qədər müddətə çatacaq həmin ehtiyatclı qardaş və bacılara? Bəs sonra???Bax müstəqilliyin qüdrətlənmə dövründə olan ölkələrdə belə əcaib-qəraib hadisələr baş verməsin deyə, hökumət belə addımları qəfil atır. Gözlənilmədən. Fakt qarşısında qalırsan və başlayırsan bu faktla barışmağa.Amma bu ayrı məsələdir ki, belə hadisələrlə bağlı izahat işləri aparmaq, olanları camaata təfərrüatı ilə, soyuqqanlı şəkildə izah etmək lazımdır. Aztəminatlı ailələrin dolanışığına bu hadisənin fəsadları necə təsir göstərəcək. Onlara nə qədər kompenasiyasiya ödənəcək? Doğrudur, rabitə xidmətlərinin ucuzlaşması, xariclə telefon danışıqlarının qiymətinin endirilməsi də baş verdi. Amma oyun, deyəsən, şama dəymir axı. İndi evində kompüteri və internetə çıxışı olan hər bir kəs, deməli, əhalinin böyük əksəriyyəti skayp-ın, Ay-pi telefoniyanın nə olduğunu bilir, Bakıda oturub dünyanın ən ucqar nöqtəsi ilə pulsuz danışır. Mən mobil telefon çıxandan sonra ev telefonlarının nə qədər taqətdən düşdüyünü demirəm. Belə çıxır ki, hökumət, demək olar ki, istifadə olunmayanın qiymətini aşağı salmağın guya müsbət effekti ilə demək olar ki, hamının və getdikcə daha çox istifadə etdiyinin qiymətini qaldırmağın mənfi effektini bağlamaq istəyib.
Təəssüf ki, son qərar məhz izahat baxımından pis işləndi.Və nəhayət, sosial şəbəkələrin son qiymət artımına özünəməxsus münasibəti barədə. Bu münasibətlərin özünə məxsus olması mənə şübhəli görünür. Ola bilər ki, özgələrinə də məxsusdur! Çünki bu şəbəkələrdə bəziləri qaşınmayan yerdən benzin çıxarmağa cəhd göstərməklə öz müstəqilliyini hər an qorumaq məcburiyyətində olan Azərbaycanın belə həssas vaxtlarında yumşaq desəm, ehtiyatsız davranırlar.Amma bizi uşaq vaxtından öyrədiblər ki, ətrafda, qaz, benzin iyi varsa, odla oynamazlar. Qardaşlar və bacılar. Evimiz birdir.
Benzinin bahalaşması sadə vətəndaşımıza və mürəkkəb dövlətimizə nə vəd edir? Bu və mövzudan doğan başqa aktual suallara iqtisadi ekspertimizOqtay Haqverdiyev cavab verib.İqtisadi ekspertimiz, Oqtay Haqverdiyev: “Bilirsiniz ki, 2014 –cü ildə büdcənin gəlirləri, 2013-cü ilə nisbətən 4,1 %, 775 milyon manat azalıb. Bunu dövlət haradan götürməlidir? Ona görə də bir mütəxəssis kimi, hesablamışam. Misal üçün sırf benzinin qiymətinin artırılmasından dövlət büdcəsi 250-dən 300 milyon manata qədər udacaq. Burada yanacaqların başqa növləri də var: dizel və s. Sonra bu artımın zəncirvari iqtisadiyyatın digər sahələrinə təsiri olacaq. Yəni artım hamısına aid olacaq, ondanda təxminən 400- 450 milyon manatı büdcə əldə edəcək. Büdcə burdan udur bilirsiniz nəyə görə? Çoxları bunu ayrı cürə başa düşüb elə bilirlər ki, bunu Neft Şirkəti artırıb. Amma elə deyil. Bu artım aksiz artımıdır. Neft şirkətinin buna heç bir aidiyyəti yoxdur. Aksiz elə şeydir ki, dövlətin siyasətidir. 100% nə yığıldısa, hamısı büdcəyə gedir.7 il bundan qabaq, son dəfə bu addımlar olub. Bu 7 ildə əhalinin pul gəlirləri iki dəfə artıb. Büdcədən maliyyələşən işçilərin maaşları ayrı- ayrı kateqoriyaları götürəndə, misal üçün, hərbçilər, müəllimlər, həkimlərin maaşları təxminən bir 3 dəfə artıb. Əsası da odur ki, 2007-ci ildə neftin bir barreli 57 dollar idi, indi 110 dollara qədər bahalaşıb. Bunlar hamısı şərtdir. Ona görə də zərərdən danışanda mən həmişə qeyd edirəm, bazar iqtisadiyyatında hamı bunu bilməlidir. Daim artım olacaq. Bu qaçılmazdır, çünki bazar iqtisadiyyatında bir prinsip var, tələb və təklif.Bizim bütün iqtisadiyyatımız yanacaq üstündə qurulub. Təkcə bizdə yox, dünyanın hər yerində belədir. Yanacağı kim istifadə edir? İlk növbədə, nəqliyyat, nədir? Nəqliyyat həm yük daşıyır, həm də sərnişin daşıyır. Fikir verin ki, nə qədər şirkətlər var, çoxusuda özəldir. Benzinin, dizelin qiyməti artırsa, o da fikirləşir ki, zərərlə işləməməlidir. Ən əsası ayrı-ayrı sahələri götürəndə xüsusilə kənd təssərüffatı çox pis vəziyyətə düşəcək”.
Mənbə: Milli.Az