Azərbaycan yol polisi qış aylarında yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə xəbərdarlıq edib.Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, qış mövsümünün başlaması ilə əlaqədar sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər.DYP xəbərdarlıq edir ki, avtomobil şinləri protektorundakı naxışların qalmış hündürlüyü müəyyən olunmuş normalara cavab verməlidir. Belə ki, minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq.Bununla əlaqədar yol polisi sürücülərə qış mövsümündə xüsusi qış təkərlərindən istifadə etmələrini tövsiyə edib: "İstənilən vaxt hava şəraiti qəfildən dəyişə, qar yağa bilər. Artıq respublikanın bir sıra dağətəyi rayonlarında yolların səthinin buz bağlaması müşahidə olunur. Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar".K.Əliyev bildirib ki, ayrıca, sürücülərin nəqliyyat vasitələrini texniki baxışdan keçirmələri (antifriz, şüşə siləni və s.), qış üçün təkər və işıq faralarını uyğun hala gətirmələri, avtomobillərdə olması lazımi avadanlıqları (zəncir, dartı kəndiri və s.) təmin etmələri, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməmələri, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmaları tövsiyə olunur.Sürücülər xüsusilə yağıntı düşən ərazilərdə sürət həddini meteoroloji və yoldakı şəraitə uyğun seçməlidirlər.Qeyd edək ki, son günlər Azərbaycanın bəzi bölgələrinə qar yağıb və gecə saatlarında şaxta qeydə alınır.
Mənbə: Milli.Az