Bakıda türk mətbəxinin tacı öz nüfuzunu günbəgün aşağı salır. Türkiyənin dünyada brendə çevirdiyi dönər Azərbaycanda artıq təhlükə mənbəyidir.Oxucunun Milli.Az-a etdiyi şikayət və fotodan sonra adam nəinki dönər yemək, heç onun adını belə eşitmək istəmir. Leyla adlı xanım yazır ki, ötən gün Bakının mərkəzində, Bülbül prospektində yerləşən restoranlardan birindən rəfiqəsi ilə almaq istədiyi dönər onun ödünü ağzına gətirib:“Rəfiqəmlə restorana yaxınlaşıb dönər sifariş verdik. Lakin gördüyüm mənzərə mənim ürəyimi bulandırdı. Dərhal fikrimizdən vaz keçdik. İmkan tapıb həmin vəziyyətin nədən ibarət olmasını göstərən fotonu çəkdim. Siz həmişə bizi bütün sahələrdən xəbərdar edirsiz. Çox istəyərdim ki, dönər, hamburger kimi fastfud yeməklərindən də xəbər verin. Axı bir çox insanlar bilmədən bu yeməkləri yeyərək özlərinə çox ziyan vururlar”.Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mövqeyi isə gözləniləndən də sərt oldu. Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Milli.Az-a açıqlamasında bildirdi ki, dönərlə bağlı vəziyyət biabırçıdır.Bölmə müdirinin sözlərinə görə, dönərçilərin öhdəsindən qanunlarla da gəlmək mümkün deyil: “Dönərçilər çöl adamı kimidir, buradan qovursan, orada açır, oradan qovursan - burada. Ətin içərisinə əlli cür farş qatır, farşın içərisinə kəllə əti qatır. Əlli cür fırıldaq edirlər. Dönərçilər vağzallarda mal satan kimi şeylərdir. Bilirsiz, dönərlərin içərisindən nələr çıxır? Məlum deyil o dönərlər harada hazırlanır, dönərdə ən böyük problem antisanitariyadır, dönər satanların heç biri tibbi müayinədən keçmir, əksər dönərxanaların sənədi yoxdur”.İ.Abdullayev qeyd etdi ki, dönərxananın fəaliyyətinin əhalinin sağlamlığına zərər olması ilə bağlı qərar çıxarırlar, amma nə xeyri:“Qanunda elə yazılıb ki, onlarla başqa cür rəftar edə bilmirik. Bizim işimiz odur ki, dönərxanaların fəaliyyətinə icazə verməmək, qərar çıxarmaq. Ancaq yenə də dönərxana bağlanmır. Tələbləri qanunda axtarmaq lazımdır. Qanun elə olmalıdır ki, bu məsələyə birdəfəlik son qoyulsun. Amma qoyula bilmir, çünki gedib qərar yazırıq ki, bağlamaq lazımdır, amma kim bağlasın? Bilmirəm kim bağlamalıdır. Bizim elə bir səlahiyyətimiz yoxdur. Qərarı verib, gözləyirik bağlansın, amma bağlanmır. Yazırıq icra şöbəsinə, onlar da bağlamırlar. Sabah da dönərxana yenidən fəaliyyətinə başlayır. Yüzlərlə belə qərar vermişik. Bağlanmırsa, qanunlarla idarə olunsun, on min manat cərimələmək lazımdır, 1 il həbs etmək lazımdır”.Mərkəz rəhbəri hesab edir ki, dönərin satışında ən böyük məsuliyyət əhalinin üzərinə düşür: “Dəfələrlə deyirik almayın, zəhərlənəndən sonra bizə müraciət edirlər. Almayın, yeməyin, dönər başdan-ayağa təhlükəli yeməkdir. Nə fayda, yüz dəfə deyirik. Lahmacunu bişirib 7 saatdan sonra satırlar. Sosiska, hamburgeri saatlara saxlayırlar. Axı belə olmaz, bu kulinariyadır. Elə cərimə olmalıdır ki, dönərçi fikirləşsin ki, cərimə olunsa, onu 1 ilə ödəyib qurtara bilməyəcək. 300-ə yaxın dönər yerini cərimə etmişik, fəaliyyətini dayandırmışıq. Ötən ay 20-25 dönərxana cərimə etmişik. Amma cərimə ilə məsələ bitmir. Onları məsuliyyətə gətirmək lazımdır”.
Mənbə: Milli.Az