Azərbaycandakı radikal müxalifət partiyalarının yaratdığı Milli Şura adlı qurum yenidən mitinq keçirməyə qərar verib. Bu günlərdə şuranın sədri Cəmil Həsənli mətbuata belə bir açıqlama verib. Müxalifət uzun illər ərzində seçdiyi mitinq siyasəti ilə heç bir uğura nail olmasa da, nədənsə bu siyasi texnologiyanı tətbiq etməkdə israrlıdır. Millət vəkili, professor Musa Qasımlı hesab edir ki, Azərbaycanda müxtəlif siyasi təşkilatların, qurumların olması, onların mitinq keçirmələri konstitusiyamıza, qanunlarımıza tamamilə uyğundur və ölkəmizdə demokratiyanın bir göstəricisidir. Qasımlı Milli.Az-a açıqlamasında bildirib: "Bununla belə, son illərdə Azərbaycan siyasi həyatının təcrübəsi göstərir ki, xalq artıq mitinqlərdən, boş vədlərdən və sözlərdən yorulub". Millət vəkili mitinqlərlə heç nəyə nail olmaq mümkün olmadığını da vurğulayıb. "Milli Şurada təmsil olunan partiyaların sosial bazasının zəifliyi, getdikcə bu bazanı itirməsi özünü mitinq iştirakçılarının sayının getdikcə azalmasında göstərdi. İndi xalq boş vədlərə deyil, əməli işlərə inanır və əməli işləri həyata keçirənlərin arxasınca gedir", - o əlavə edib.
Mənbə: Milli.Az