Qadin.NET / Azərbaycanda eşitməyənlər: onları kim eşidəcək?

Azərbaycanda eşitməyənlər: onları kim eşidəcək?

 

Azərbaycanda fəaliyyət göstərən heç bir televiziya kanalında surdotərcümədən (Jest dili) istifadə edilmir. Bunu isə yuxarıda adı çəkilən qanuna əsasən eşitmə və danışma qabiliyyəti olmayan insanların hüquq pozuntusu kimi qiymətləndirmək olar. Qaldığım evin qonşuluğunda İlqar adlı bir nəfər yaşayır. Onun anadangəlmə eşitmə və danışma qabiliyyəti yoxdur. Evdə xəbərlər proqramının axşam buraxılışını izləyirdim. İlqar da bizə gəldi. Televizorda xəbərlər proqramının yayımlandığını görüb mənim yanımda əyləşdi. O, eşitmə qüsurlu olduğu üçün xəbərlərə baxmaqla heç nə başa düşmürdü. Buna görə də, müəyyən əl hərəkətləri ilə bizdən xahiş edirdi ki, eşidib bildiklərimizi ona da başa salaq. İlqar eşitmə və danışma qüsurlu olduğu üçün jest dilindən istifadə etməli olduq. Amma ona nəyisə izah etmək çox çətin idi. Buna görə də, xəbərlər proqramından eşitdiyimiz heç bir məlumatı İlqar üçün izah edə bilmədik. Biz bacardığımız qədər anlatmağa çalışdıq, o da bizim izah edə bildiyimiz qədər anlamağa. O zaman heç vaxt fərqində olmadığım bir şeyin şahidi olduq. Eşitmə və danışma qabiliyyəti olmayan şəxslər sözün əsl mənasında informasiya blokadasında yaşayırlar.
Qanunun tələbi və reallıq
Məlumat üçün bildirək ki, anadangəlmə eşitmə və danışma qabiliyyəti olmayan İlqar çox bacarıqlıdır. Onun taxta lövhələr üzərində oyma üsulu ilə müxtəlif janrlarda çəkdiyi rəsm əsərləri görənlərin böyük marağına səbəb olur. İlqar əl işləri ilə qatıldığı bir çox sərgilərdə yüksək mükafatlar qazanıb.
Ölkəmizdə anadangəlmə danışma və eşitmə qabiliyyəti olmayan 8 mindən çox insan qeydiyyatdadır. Dövlətin qəbul etdiyi “İnformasiya əldə etmək haqqında” qanuna görə, ölkə vətəndaşlığını qəbul etmiş hər kəsin informasiya almaq hüququ var. Buna baxmayaraq, Azərbaycan televiziya kanallarının hazırladığı verilişlərdə bu tip əlilliyi olan insanlar nəzərə alınmır. Belə ki, Azərbaycanda fəaliyyət göstərən heç bir televiziya kanalında surdo tərcümədən (Jest dili) istifadə edilmir. Bunu isə yuxarıda adı çəkilən qanuna əsasən eşitmə və danışma qabiliyyəti olmayan insanların hüquq pozuntusu kimi qiymətləndirmək olar.
“İlk olaraq dövlət büdcəsi hesabına maliyyələşən kanallar”...
Sözü gedən məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının aparat rəhbəriToğrul Məmmədovla əlaqə saxladıq. Televiziya kanallarının hazırladığı müəyyən proqramlarda danışma və eşitmə qabiliyyəti olmayan insanların nəzərə alınmasının vacib olduğunu deyən T. Məmmədov: “Milli Televiziya və Radio Şurası adı çəkilən problemlə bağlı ölkədə fəaliyyət göstərən bütün televiziya kanallarına müraciət edib. Onların müraciət məktublarına isə ancaq Azərbaycan Dövlət Televiziyasından (AZTV) cavab gəlib. Cavab məktubunda bildirilib ki, AZTV tez bir zamanda surdo tərcüməçilərin fəaliyyətini bərpa etməyə çalışacaq”, - bildirdi. Aparat rəhbəri onu da vurğuladı ki, ilk olaraq dövlət büdcəsi hesabına maliyyələşən kanallar (AZTV, İTV) surdo tərcümədən istifadə etməlidir. O: “Bundan sonra çalışacağıq ki, ölkədə fəaliyyət göstərən özəl kanallarda da müəyyən proqramlarının yayımlanmasında surdon tərcümədən istifadə olunsun”- deyə ifadə etdi.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Tahir Məmmədovdan aldığımız məlumata görə, kanal rəhbərliyi sözügedən problemin həlli istiqamətində müəyyən işlər həyata keçirir. Onun sözlərinə görə, texniki hazırlıq işlərini tamamlamağa çalışan kanal rəhbərliyi gələn ildən etibarən informasiya proqramlarında surdo tərcümədən istifadə etməyi planlaşdırır.
Azərbaycan Televiziya və Radio (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovadan isə öyrəndik ki, AZTV-də 1990-cı illərin ortalarına qədər surdo tərcüməçilər işləyib. Saat 17:00-a olan “Xəbərlər” informasiya proqramının efir buraxılışı surdotərcümə ilə yayımlanıb: “Amma xəbərlərin subtitrla verilməsindən sonra surdotərcüməçilərə ehtiyac qalmadı. Çünki eşitmə və danışma qabiliyyəti olmayan şəxslər də bu subtitrları oxuyaraq ölkə və dünya gündəmləri haqqda məlumat əldə edə bilirlər”.
“Demək olar ki, Azərbaycanda surdo tərcüməçi yoxdur”
Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimov eşitmə və danışma qabiliyyəti olmayan insanların telekanalların hazırladığı informasiya proqramlarında nəzərə alınmamasını bu qrup əlillərin cəmiyyətə inteqrasiyası baxımından ciddi problem kimi qiymətləndirdi: 
“Televiziyalar ən çox baxılan media vasitəsidir. Demək olar ki, insanların əksəriyyəti ölkə və dünya gündəmində baş verən hadisələr haqqında informasiyanı televiziya kanallarının hazırladıqları xəbərlər proqramlarına baxaraq əldə edirlər. Ona görə də eşitmə və danışma qabiliyyəti olmayan insanların, xüsusilə də televiziya kanallarında yayımlanan verilişlərdə nəzərə alınması çox önəmlidir. Təbii ki, bütün verilişlərdə bunu etmək çox çətin məsələdir. Amma ən azından informasiya proqramlarında surdo tərcümədən istifadə edilməsi vacibdir”. Neçə ildir ki, telekanalların yayımladığı informasiya proqramlarında subtitrlardan istifadə olunmasına da diqqət çəkən Davud Rəhimov: “Subtitrlar eşitmə və danışma qabiliyyəti olmayan şəxslərin xəbərləri başa düşməsinə yardımçı olur. Amma subtitrlar sürətli verilir ki, onu oxuyub çatdırmaq çox vaxt mümkün olmur”, - dedi. Əlil Təşkilatları İttifaqının rəhbəri onu da dilə gətirdi ki, subtitrları oxumaqla xəbərləri başa düşmək olmur. Çünki subtitrlar əksər hallarda başlıq formasında təqdim olunur.
Davud Rəhimov, Azərbaycanda universitet səviyyəsində surdo tərcümçilərin hazırlanmasının vacib olduğunu bildirərək qeyd etdi ki, ölkədə surdo tərcüməçi demək olar ki, yoxdur: “Hər jest dilində danışmağı bacaran adam surdotərcüməçi işləyə bilməz. Surdo tərcüməçinin xüsusi peşə hazırlığı olmalıdır ki, informasiyanı nizamlı və dəqiq çatdıra bilsin”.
Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənovun sözlərinə görə, dövlət sözügedən problemin həll edilməsi istiqamətində bir çox işlər həyata keçirir. Azərbaycanın 2008-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqların haqqında” konvensiyasına qoşulduğunu xatırladan V. Həsənov bildirdi ki, dövlət rəhbərliyi adıçəkilən konvensiyanın müddəalarına uyğun olaraq əlilliyi olan şəxslərin sosial problemlərini həll etməklə məşğuldur. Onun sözlərinə görə, cari ildə Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinin təklifi ilə Sosial Hüquqların Araşdırılması İctimai Birliyi tərəfindən Surdoloji Mərkəz təsis edilib. Bu mərkəzdə danışma və eşitmə qabiliyyəti az olan və olmayan şəxslərə jest dili tədris olunur. Vüqar Həsənov onu da vurğuladı ki, adıçəkilən mərkəzdə surdo tərcüməçilər hazırlandıqdan sonra əməkdaşı olduğu nazirlik tərəfindən ölkədə fəaliyyət göstərən telekanallara surdo tərcümədən istifadə etmələri haqqında müraciət məktubu ünvanlanacaq. Sonda isə nazirlik rəsmisi sözü gedən problemin tezliklə öz həll olunacağını qeyd etdi.
 Mənbə: Zaman Azərbaycan
7 dekabr 2013
GO BACK