Qadin.NET / Multikultiralizm nədən başlayır?

Multikultiralizm nədən başlayır?

 

Sovet dönəminin məşhur mahnısını bir qədər dəyişsək, meydana kifayət qədər aktual məsələ çıxar: "Multikulturalizm nədən başlayır?" Yaxşı və sadiq qonşulardan, "sənin əlifbandakı" şəkillərdən? Yoxsa qəzet və ya televizordakı mənzərədən? İlk baxışdan hər şey kifayət qədər bəsitdir. Multikulturalizmin əsasında müxtəlif millətlərdən olan insanların hər bir şəxsiyyətə hörmət qoyaraq, qanunlar əsasında birgə yaşaması ideyası dayanır. Amma bu zaman mədəni, dini, dil, etnik və digər xüsusiyyətlərə zərər dəyməməlidir. Əsl multikulturalizmin hökm sürdüyü cəmiyyətə nail olmağın alətləri də gözəl və dəqiqdir - tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət. Amma bütün bunların həyata keçirilməsi üçün birincisi, bu və ya digər cəmiyyətin üzvləri buna qadir olmalı, ikincisi maddi durumlarına, imkanlarına görə eyni vəziyyətdə yaşamalıdırlar. Yəni faktiki olaraq, əsl multikulturalizm yalnız cənnətdə ola bilər - əlbəttə ki, siz oraya düşə biləcəksinizsə. Avropanın ən güclü dövlətləri olan Almaniya və Böyük Britaniyaya multikulturalizm haqda şövqlə nümayiş etdirilən həmrəyliyi bədbin etirafların əvəzləməsi üçün, təxminən, on il kifayət etdi. Britaniyanın baş naziri Devid Kemeron bu günlərdə "Financial Times" qəzeti vasitəsilə Şərqi və Cənubi Avropadan Avropa İttifaqının daha zən-gin ölkələrinə immiqrant axınının məhdudlaşdırılmasının vacibliyini bəyan edib. O, bunun üçün, hətta Aİ-nin "müqəddəs inəklərindən" biri olan işçi qüvvəsinin hərəkət azadlığına qarşı çıxmaqdan da çəkinməyib. Bundan başqa, Kemeron milli sosial proqramları əcnəbilərin üzünə bağlamağı da vacib sayır.
Baş nazirin bu mövqeyi əvvəllər olduğu kimi, bu dəfə də Paris və Berlin tərəfindən dəstəklənib.
"Multikulturalizm problemləri" hamıdan çox Rusiyaya əziyyət verir və bəzən bu özünü kifayət qədər radikal formada və mülahizələrlə göstərir. Təəssüf ki, bu, KİV-də də çox tez-tez tirajlanır. Məsələn, bu yaxınlarda "Rossiya-1" telekanalının "Qarşıdurma" verilişində RLDP lideri Vladimir Jirinovski növbəti dəfə "fərqlənib". Bu dəfə o, Şimali Qafqazda doğuş sayını, bu regiondan olan insanların Rusiya ərazisində hərəkətini məhdudlaşdırmağa çağırıb. Jirinovski bunun yolunu da göstərib: "Qafqaz ərazisi tikanlı məftillərlə əhatə olunmalıdır".
Hazırda Moskvanın məşhur Qərbi Biryulevo rayonunun girişində RLDP-nin reklamının yer aldığı böyük bir plakatın asılmasını anlamaq mümkündürsə, miqrasiya, millətçilik kimi ağrılı mövzulara həsr olunmuş bütün verilişlərə qalmaqallı Vladimir Volflviçin dəvət edilmə səbəbini isə başa düşmək çətindir.
Əslində, əlbəttə ki, bu sualın cavabı kifayət qədər aydındır. Sadəcə bu cavab o qədər qorxuludur ki, adam ona inanmaq istəmir. Axı, əslində, Kemeronla Jirinovski eyni şeyi deyirlər. Fərq sadəcə onların danışıq tonu və seçdikləri sözlərdədir. Demək, bu sözlərin effekti də fərqli olacaq. Yəni artıq bu məqamda səhnəyə KİV-in qüdrəti çıxır. Burada söhbət yalnız radikal fikirlərin tirajlanmasından yox, həm də aksentlərin necə qoyulması, başlığa hansı fikrin çıxarılmasından, fotoların seçilməsindən də gedir. "Özbə-yin, tacikin, gürcünün, azərbaycanlının" cinayət törətdiklərinə dair çoxsaylı xəbər başlıqları faktiki olaraq, şovinist ideyaları irəli sürən - kerosin qarşısında dayanan şəxslərə kibrit vermək deməkdir...
Rusiya Jurnalistlər Birliyinin sədri Vsevold Boqdanovun sözlərinə görə, "insanlar arasında düşmənçilik toxumu səpən çirkin siyasi texnoloqlar gələcək üçün faciədirlər və onlara müqavimət göstərməyi bacarmaq lazımdır". Boqdanov bunu VIII "Mədəniyyətlər dialoqu" media-forumunda iştirak etmək üçün Moskvaya gəlmiş Avropa və Asiyadan olan gənc jurnalistlərlə görüşündə bildirib. Görüş iştirakçılarını istisnasız olaraq ən çox narahat edən məsələ millətçilik və ksenofobiya olsa da, Boqdanov bu hallarla mübarizə formulları haqda heç nə deməyib.
Həmkarını Rusiya Dövlət Dumasının deputatı, ixtisasca jurnalist olan Boris Reznik də dəstəkləyib. O, Rusiya ictimaiyyətində ksenofob və marginalların olduğundan təəssüfləndiyini, belə qüvvələrin öz faciələrini, günahını başqalarında axtardıqlarını söyləyib. Reznik bildirib ki, hazırda Rusiya parlamentində yeni qanun layihəsi müzakirə olunmaqdadır. Qanun layihəsi KİV-də cinayət hadisəsinin istənilən iştirakçısının - müttəhim, saxlanılan şəxs, zərərçəkən və sair - milliyyəti və dininin göstərilməsini qadağan edir.
Əlbəttə ki, bu, yaxşı təşəbbüsdür. Amma məsələ ondadır ki, bu sənəd rusiyalı parlamentarilər tərəfindən... 2007-ci ildən müzakirə olunur. Sonuncu dəfə bu mövzuya maraq Moskva Şəhər Dumasının spikeri Vladimir Platonovun təşəbbüsü ilə artmışdı. Ümumilikdə Dövlət Dumasında qanun layihəsi deputatların ürəyincə olmayıb və onun müzakirəsi "sonraya saxlanılıb". İctimai palata da sənədi mənfi qiymətləndirib. Dövlət başçısı Vladimir Putinə gəlincə, o, məsələyə müdaxilə etməyəcəyinə söz versə də, sənədin yekun variantının ona gedib çatacağı təqdirdə, qanunu dəstəkləyəcəyini söyləyib. Deputatlar (və onları dəstəkləyən KİV əməkdaşları - belələrinin sayı heç də az deyil) isə qanun layihəsini dəstəkləməmələrini belə əsaslandırıblar: "Jurnalistlər onsuz da istədiklərini Ezop dilinin vasitəsilə deyəcəklər. Bu halda isə informasiyanın dəqiqliyinə və gerçəkliyinə ziyan dəyəcək".
Amma hansı daha pisdir: səhv informasiyanın verilməsi, yoxsa günahsız insanların zərər görməsi?
Rusiya sərhədinin digər tərəfindən isə vəziyyət fərqli görünür.
"Qoy desinlər" kimi tok-şoularda və xəbər buraxılışlarında açıq-aşkar görünür ki, hökumət milli məsələdən əsaslı və peşəkarcasına istifadə edir. "KamAZ" sürücüsü Qraç Arutyunyanla bağlı məlum hadisə zamanı diqqət birbaşa onun milliyyətinə yönəldildi, əsas diskussiyalar məhz bu məqam ətrafında aparıldı. Çox sayda digər nümunələr də var. Bu cür ehtimal olunan cinayətkarlar kimi çox tez-tez Mərkəzi Asiya təmsilçilərinin, əsasən, taciklərin və özbəklərin adları çəkilir. Bu, əlbəttə ki, həmin ölkələrin əhalisi tərəfindən mənfi qarşılanır. Bundan başqa, bu, kini artırır, əmək miqrantlarının onsuz da yaxşı olmayan vəziyyətlərini daha da ağırlaşdırır", - deyə ATƏT-in Bişkekdəki (Qırğızıstan) Araşdırma və Treninq Akademiyasının koordinatoru Svetlana Dzardanova bildirir.
Özbəkistandan olan jurnalist Qaliya İbrahimova: "Hər gün "Yandeks - Xəbərlər - Özbəkistan" xəbər lentinə baxdıqda adama elə gəlir ki, Rusiya dövlətinin bütün bəlalarının səbəbi özbəklərdir. Diqqəti cinayətkarın hansı millətin təmsilçisi olduğuna yönəltmək, deyəsən, keçmiş qardaş ölkələrdən olan miqrasiya ilə mübarizə vasitəsidir. Amma bu mübarizə ilə yanaşı, Rusiya KİV-də yer alan və diqqəti milliyyətə yönəldən bu cür "nifrət dərsləri" milli zəmində nifrəti, düşmənçiliyi, insanların bir-birinə qarşı kinini artırır. Cəmiyyətdə və bu cəmiyyətin güzgüsü olan (yaxud əksinə) KİV-də özbəklərə, qırğızlara, taciklərə, ermənilərə, azərbaycanlılara qarşı bu cür fobiya davam edərsə, keçmiş SSRİ ərazisində Avrasiya İttifaqı qurmağa çalışan Rusiya bu nəhəng inteqrasiya layihəsinin özülünə, çətin ki, bir kərpic qoya bilsin".
"Qazaxıstan vətəndaş alyansı" Hüquqi Şəxslər Birliyinin Beynəlxalq Proqramlar Komitəsinin rəhbəri Çingiz Lepsibayev də bu fikirlərlə tam razıdır: "Rusiyanın inteqrasiya, siyasi ittifaq, ümumi beynəlmiləl keçmiş haqda danışdığı bir vaxtda millətçilik və ya ksenofobiya ilə bağlı istənilən hərəkət, ən azı, anlaşılmazlıq yaradır".
Həqiqətən də, heç kəs multikulturalizm cənnətinin qurulacağına ümid etmir. Amma heç kəs birgə yaşayışdan da imtina etmir. Miqrantlardan, qloballaşmadan, informasiya texnologiyalarının inkişafından, iqtisadi birliklərin yaradılması cəhdlərindən, sərhədlərin daha çox şəffaflandırılmasından nə Rusiya, nə Avropa, nə də Amerika qaça bilər. Bu prosesdə KİV, əlbəttə ki, bitərəf müşahidəçi, sadəcə, xəbər və faktların yayıcısı kimi çıxış edə bilər. Belə də düşünmək olar ki, jurnalistika ən tez və yaxşı satılan məhsulun satışı ilə məşğul olan biznesin bir hissəsidir. Bu halda suallar və iddialar öz-özlüyündə yox olur. Amma məsələyə fərqli baxış da var. Bu baxışa görə, müasir jurnalistika vətəndaş cəmiyyətinin bir hissəsi, müxtəlif sosial, milli qüvvələr arasında dialoqu həm təmin edə, həm də poza bilən qüvvədir.
Rusiyalı jurnalist Aleksey Venediktovun dediyi kimi, "peşəkar və qeyri-peşəkar KİV var, redaksiya siyasəti və hər bir jurnalistin şəxsi seçimi var".
"Biryulevoda yaşananlar tamamilə məişət hadisəsidir. Amma bu hadisədən istifadə edən "küçə" siyasətçiləri də tapılır. Biz jurnalistlər bunu anlamalı, insanların bizə inanması üçün mübarizə aparmalıyıq", - deyə Venediktov qeyd edib.
Bütün bunların fonunda nə etməli? Vəziyyətin qanunvericilik vasitəsilə dəyişdirilməsinə çalışmalı, yoxsa hər şeyi mənəvi və peşəkar seçimə buraxmalı? Düzü, əsas məsələ bu deyil. Vacib olanı başqa məqamdır - başa düşmək lazımdır ki, zaman-zaman bütün pislikləri üzərinə atmaq üçün yaramaz "gəlmələr" obrazının yaradılması, ilk növbədə, bu stereotipləri qondaranlar və onlardan istifadə edənlər üçün zərərlidir. Şərqşünas professor Edvard Said bunu hələ 30 il əvvəl yazdığı "Şərqşünaslıq" paflet-traktatında qeyd edib. Bu əsər ətrafında mübahisələr hələ də davam edir. Müxtəlif millətlərin nümayəndələri isə şovinist marginalların, mühacirin həbsindən şou düzəldən nazirlərin və "küçə" siyasətçilərinin qurbanı olurlar...
Mənbə: Region Plyus
7 dekabr 2013
GO BACK