Qadin.NET / Azərbaycanda köhnə problem: qiymətlilərin qiymətsizliyi

Azərbaycanda köhnə problem: qiymətlilərin qiymətsizliyi

 

Klassik şairlərimizin əsərləri həm də zərgərlik sənətimizin araşdırmaçıları və zərgərlərimiz üçün qiymətli mənbə hesab oluna bilər. Fikrimizi əsaslandıraq: şairlərimizin əksəriyyəti şeirlərində gözəlləri vəsf ediblər. Bir də atalar məsəli var: “Gözəllik ondur, doqquzu dondur”. Elə şairlərimiz də gözəlləri geyim-kecimləri, bəzək-düzəkləri ilə təsvir ediblər. Bu da onu deməyə əsas verir ki, zərgərlik sənəti nümunələri Azərbaycanda çox zəngin olmaqla yanaşı, uzun bir yol keçib. Arxeoloji qazıntılar bu tarixin bizim eradan əvvəlki dövrlərə gedib-çıxdığını təsdiq edir. Məsələn, Qarabağ ərazisindən tapılmış zərgərlik məmulatları eramızdan əvvəl II-I minillliyə aiddir. Eləcə də Mingəçevir, Gəncə, Şəki, Şamaxı, Bərdə, Ordubad, Bakı, Şabran, Qəbələ, Beyləqan şəhərlərinin arxeoloji qazıntıları zamanı zərgərlik məmulatları - baş, qol-bilək, barmaq, sinə, bel bəzəkləri tapılıb. Bir çoxu ilkin formasını qismən saxlamış qədim zinət əşyaları xalqımızın yüksək zövqündən və mədəniyyətindən xəbər verir. Bir sıra yerlərdən həm də zərgərlik sənəti ilə bağlı materiallar: gil butalar, qəliblər, metalı süzmək üçün qab, istifadə olunmuş məhək daşları, zərgər qaşığı, çəkici, kəsici alət aşkar edilib. Arxeoloji qazıntılar nəticəsində əldə olunan bəzək əşyaları istehsal texnikasına görə sadə və ya mürəkkəb quruluşdadır. Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elm fond şöbəsinin müdiri, tarix elmləri namizədi Gülzadə Abdulova bildirir ki, yerli zərgərlər zinət əşyalarını daha çox tökmə, döymə, burma, oyma, cızma, yonma, lehimləmə kimi texniki üsullarla hazırlayıblar.

Zəriflik və incəlik 
Zərgərlik məmulatları formaca müxtəlifdir. Onlar müxtəlif detallara və mürəkkəb kompozisiyalara malikdirlər. Məmulatlar çox vaxt qiymətli və yarımqiymətli daşlarla bəzədilir. Usta zərgərlərin hazırladığı nümunələr xüsusi zərifliyi, özünəməxsus naxışları ilə seçilir. Azərbaycanda qiymətli metallardan ən çox qızıla üstünlük verilsə də, gümüşdən, platindən də geniş istifadə olunub. Gülzadə Abdulova qeyd edir ki, ən qədim dövrlərdə zərgərlik məmulatları tuncdan və misdən hazırlanıb: “Kültəpədən arxeoloji qazıntılar zamanı tapılan mis muncuqlar eramızdan əvvəl IV minilliyə aiddir. Tunc dövründə isə tuncdan həm zərgərlikdə, həm də silah istehsalında istifadə edilib. Tunc məmulatlarından yalnız tayfa başçıları, varlılar üçün əşyalar hazırlanıb. Sonrakı dövrlərdə orta təbəqə də bu sıraya qoşulub. Tuncdan məmulatlar hazırlamaq çətin idi. Qızıl, gümüş kimi metallar isə kütləvi istehsala imkan yaradıb. Qəlibkarlıq sayəsində istehsal xüsusilə genişlənib”.
Azərbaycanda zərgərlik sənəti, əsasən, üç istiqamətdə - qəlibkarlıq (çaxmaqəlib), şəbəkəçilik (torlamaçılıq) və cavahirsazlıq (ləl-cavahirat) sahəsində inkişaf edib. Gülzadə Abdulovanın bildirdiyinə görə, ölkəmizdə zərgərliyə aid ən qədim olanı tökmə sənəti nümunələridir ki, onun texnologiyası tamamilə fərqlidir: “Sonrakı dövrlərdə qəlibkarlıq üsulu bəzək məmulatlarının hazırlanmasında başlıca yer tutdu. Ən səmərəli, ən münasib və ən sadə üsul olan qəlibkarlıq XIX əsrdən etibarən daha geniş inkişaf etdi.
Şəbəkəçilik Azərbaycan zərgərlik sənətində tətbiq edilən mürəkkəb texniki üsullardandır. Xalq arasında bu texnika ilə icra edilən bəzək əşyalarına "tor" və ya "torlama", onları hazırlayan ustalar torlamaçı da deyilir.
Dilimizdə belə bir ifadə var: zərgər dəqiqliyi. Bu ifadəni daha çox şəbəkəçilik sənətinə aid etmək olar. Çünki zərgərlikdə ən nəfis və ən çətin hesab olunan şəbəkəçilik sənətində zərgər dəqiqliyi lazımdır: “Zər- gər istədiyi naxışı əldə etmək üçün riyazi hesablamaları gözəl bilməlidir ki, kiçik bir detalı da gözdən qaçırmasın. Şəbəkəçilik üslubunun bir üstün cəhəti var: zərgər istədiyi formanı yığa, öz üslubunu daha yaxşı göstərə bilir. Qəlibkarlıqda isə müəyyən qəliblər olurdu. Zərgərin işi o qəliblərin üzərindəki naxışlardan asılı idi. Ümumi forma olduğundan orada yenilik eləyə bilmirdi. Yenilik o halda ola bilərdi ki, sənətkar yeni qəliblər düzəldirdi.
Unudulmuş möhür 
Memarlıq, xalçaçılıq, rəssamlıq və digər sənətlərdə usta öz adını əsərlərində əbədiləşdirərək unudulmaqdan xilas olur. Bəs, zərgərlər buna nail ola biliblərmi? Gülzadə Abdulova sualımıza cavabında bildirir ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda Əyar Palatası yaradılıb. Əyar Palatası saxta məhsul bazara çıxarılmamasına nəzarət edirdi. Həmin palata məcbur edirdi ki, hər zərgər hazırladığı əşyaya öz möhürünü vursun, ya adının baş hərfini, ya da başqa bir işarə qoysun. Amma əridildiyindən, yaxud başqa səbəblərdən həmin məlumatlara bu gün çox nadir hallarda rast gəlirik.
İstehsal prosesinin tələbinə uyğun olaraq zərgərlər xalis qızılı yalnız 56 əyara endirdikdən sonra texniki proseslərə cəlb edirdilər. Əks halda qızıl yayılmır, ovulub tökülür, sərtliyi ilə zərgərin istədiyi ölçünü almasına mane olurdu. Buna görə də qızılı yumşaldıb elastik hala gətirmək, yayılmasını asanlaşdırmaq və istehsal kəmiyyətini artırmaq məqsədilə xalis qızılın tərkibinə aşqar şəklində, müvafiq nisbətdə mis və gümüş qatılırdı. Şəbəkəçilikdə isə yüksək əyarlı qızıl lazımdır.
Azərbaycanda zərgərlik sənətinin möhkəmlənməsinin, inkişaf etməsinin bir səbəbi də var. Zərgərlik sırf şəhər sənətkarlığıdır. Azərbaycanda zaman-zaman möhtəşəm şəhərlər salındığından burada həmin sənət güclü inkişaf yolu keçib. Gəncə, Şəki, Şamaxı, Bərdə, Qəbələ, Beyləqan, Şuşa, Ordubad, Salyan kimi şəhərlər gözəl şəhərlərimiz olub, XIX əsrdən başlayaraq Bakı şəhəri çox yüksək inkişaf səviyyəsinə çatıb. Bura neft istehsalı ilə bağlı müxtəlif yerlərdən insanlar gəlməyə başlayıblar. Zərgərlər də daha çox bu şəhərə toplaşıblar.
Sənətkarların içərisində zərgərlərin və papaqçıların xüsusi ilə sayılıb-seçilmələri, böyük hörmət sahibi olmaları da səbəbsiz deyildi. Papaq namus-qeyrət rəmzi sayıldığına görə papaqçının nüfuzu var idi. Zərgərlərin isə əlləri həmişə qızılla oynayıb. Elə bu da Sovet dövründə onların bəlasına çevrildi. Repressiya illərində zərgərlik sənətinin inkişafı ölkəmizdə tamamilə dayandı. Çünki di-gər imkanlı şəxslər kimi zərgərlər də həbs olunur, əmlakları müsadirə edilirdi. Ona görə də həmin illərdə zərgər zərgərliyini danır, yaşayış yerini dəyişirdi. Bu gərginlik illərlə davam etdi. Şəxsiyyətə pərəstiş dövrünün aradan qaldırıldığı, günahkarların cəzalandırılıb, günahsızların bəraət aldığı vaxtlarda zərgərlərin fəaliyyətləri də bərpa olundu. Amma çox incə, çətin qavranılan bu sənəti qısa müddətə, 2-3 ilə öyrənmək mümkün deyil. Gərək illərlə içərisində olasan ki, bu sənətin sirlərinə yiyələnəsən. Yüz illərlə zərgərlər bildiklərini yeni nəslə öyrədərək yaşadıblar. O ötürmə qırıldı. Repressi-yadan sonrakı bərpa illərində, demək olar ki, köhnə üslubda heç nə hazırlanmırdı. Hamı yeni üsluba meyil edirdi.
Dəbdə deyil 
Ən böyük bəla isə bu idi ki, dədə-babadan qalan zinət əşyalarını artıq bəyənmirdilər. Avropa üslubu ənənəvi üslubu aradan çıxarır, gəlmə dəb bazarı işğal edirdi. Sonrakı illərdə dəblə ayaqlaşmaq meyilləri digər sahələrdə olduğu kimi zərgərlikdə də gücləndi. Hamı çalışırdı dəblə ayaqlaşsın, tros sep, ulduz, gül sırğa düzəltdirsin. Ona görə də bizim zərgərliklə bağlı sənət nümunələrimiz sıradan çıxırdı.
XX əsrin 90-cı illərində bəzi işbazlar rayonlara, kəndlərə üz tuturdu. Əhalidə qalan qədim zinət əşyalarını alaraq əvəzində onlara yeni dəblilərini verirdilər. Sonralar məlum oldu ki, alıcılar həm çəkidə, həm də keyfiyyətdə aldadılıblar. Ən ağrılı məqam isə bu idi ki, antik alverçilər əhalidən əldə etdikləri qədim zinət əşyalarının əksəriyyətini ölkəmizin sərhədlərindən çıxarırdılar. Yalnız ata-baba adətlərinə hörmət qoyan, miraslıq ənənəsini yaşadan bəzi ailələrdə həmin əşyalardan qaldı. Bir çox ailədə isə ocağa gələn gəlinlər “yeni dəbə uyğun deyil”, deyib, nəsildən-nəsilə qalan qiymətli zinət əşyalarını ya zər- gərlərə aparıb əritdirərək yeni dəbli əşyalar hazırlatdılar, ya da sataraq puluna özlərinə geyim-kecim aldılar.
Zərgərlik sənəti nümunələri maddi mədəniyyətin geyimlər bölməsinin bir qoludur. Gülzadə Abdulova deyir: “Bu sənətin nümunələrini də bir neçə qrupa bölmək olar: əl-bilək bəzəkləri, boyun-sinə bəzəkləri, baş bəzəkləri, bel bəzəkləri, yəni taxma bəzəklər, qoyma bəzəklər və geyim bəzəkləri. Bunlar da öz növbəsində bir neçə qrupa bölünür. XIX əsrə aid fotolara fikir versəniz, görərsiniz ki, yaxaya mütləq qozalar düzülərdi. Həmin bəzəklər sosial vəziyyətindən asılı olaraq, qızıl, gümüş, ya da misdən hazırlanırdı. Köynəyin ətəyinə sikkə pullar asılırdı. O qədər dəb halını almışdı ki, oğlan evi mütləq gəlinə aparılan xonçalarda sırğalar, zəncirlər, boyunbağı, kəmər, üzük, düymələr, toqqa, boğazaltı, saç sancağı, kulon, bilərzik, baş üçün bəzək olmalıydı. Onların hansı metaldan olması isə ailənin sosial vəziyyətindən asılı idi. Gümüşdən, əsasən, orta təbəqə, misdən kasıblar istifadə edirdilər. Varlıların bəzək əşyaları isə qızıldan hazırlanırdı”.
Azərbaycanda bəzək əşyalarından, adətən, qadınlar istifadə edirdilər. Ancaq eramızdan əvvəlki illərdən bu günümüzədək kişilər də zinət əşyalarından tamamilə imtina etmirlər. Gümüş kəmərdə gəzir, çuxalarının yaxasına gümüş vəznə taxırdılar. Saatqabıları, müştükləri, siqarqabıları qızıl, ya da gümüş işləməli olurdı. İlk baxışdan kişinin sosial durumu, xan, bəy, yoxsa rəiyyət olması geyimindən, bir də atından bəlli olurdu. Atlarının bəzəyinə kişilər xüsusi diqqət yetirir, yəhərini gümüşlə bəzədir, şallaqlarını gümüşə tuturdular.
Dəblə ayaqlaşmaq cəhdləri hər dövrdə olub. Lap qədim dövrlərdə dəbin ömrü uzun olub, 5-10 ildə də-yişməyib. Bəlkə də, 100 illər ərzində eyni materialdan istifadə edilib. Amma XX əsrin sonuncu on illiklərində üçdüymə, dörddüymə, beşdüymə, qırxdüymə sırğalar, hillər, həmayillər dəbdən düşməyə başladı. Avropa, Rusiya istehsalı olan məhsullar bazarımızda üstünlüyü ələ aldılar. Əvvəlki dəb gözə xor görünməyə başladı.
Dəyərli, sənətkarlıq cəhətdən misilsiz zərgərlik nümunələrimizin çoxu itib-batıb. Arxeoloji qazıntılardan öncə var-dövlətli adamların qəbirləri qarət olunub, qəbirlər yağmalanıb. Digər tərəfdən qədim zamanlardan cahangirlər də sərvət uğrunda vuruşublar. Ölkəmiz də vaxtaşırı işğal olunub. Hər gələn həm zərgərlik məmulatlarını, həm də ən yaxşı zərgərləri aparıblar. Ona görə də vaxtilə qarət edilən nəfis zərgərlik nümunələrimizin çoxu xarici ölkələrin muzeylərindədir.
Bu səbəblərdən, orta əsrlərə aid yazılı mənbələrində, yaxud aşıq yaradıcılığında, dastanlarda, bayatılarda, mahnılarda adı çəkilən zərgərlik nümunələrimizin çoxunu elə həmin mənbələrdən tanıyırıq.
Dəb gəlir-gedir... İndi elə zərgərlik nümunələri yaranırmı ki, yüz illər sonra da baxıb desinlər: bu, XXI əsrin dəbidir? Gülzadə Abdulovanın sualıma cavabı ümidverici olur: “Zər- gərlik dəbimiz bu gün daha çox Avropa təsiri altındadır. Amma zərgərlik sənətimiz dirçəlməyə başlayıb. Müasir zərgərlərimiz etnodəbə uyğun məmulatlar hazırlayırlar. Görünür sifariş, tələbat var ki, zərgərlər ona müraciət edirlər. Bu, dəbdir. Öz dövrünü keçəcək, ya inkişaf edəcək, bir az da irəli gedəcək, ya da ki... İndi zərgərlərimizin çox gözəl işləri var. Qədim nümunələri, eyni ilə yamsılamırlar, yenilikləri də var və diqqətçəkicidir”.
Bu gün zərgərlik məmulatlarının hazırlanması elektron cihazların köməyi ilə aparılsa da, onlar əllə işlənmiş zinət əşyalarını əvəzləyə bilmir. Zərgərlik nümunələri yenə zərgərlərin usta əllərində naxışlanaraq, göz oxşayır.
Mənbə: Region.Plyus
7 dekabr 2013
GO BACK