Qadin.NET / Azərbaycan Gimnastika Federasiyasının baş katibi Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib

Avropa Gimnastika İttifaqının (AGİ) 25-ci seçki konqresinin keçirildiyi Sloveniyanın Portoroj kurort şəhərindən sevindirici xəbər gəlib. Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi, Azərbaycan nümayəndə heyətinin tərkibində forumda iştirak edən Fərid QayıbovAGİ-nin vitse-prezidenti seçilib. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Bununla da ilk dəfə Azərbaycan nümayəndəsi Avropa gimnastikasının rəhbər heyətinə daxil olub. F.Qayıbovun namizədliyini 23 ölkənin nümayəndəsi dəstəkləyib ki, bu da əksəriyyət təşkil edib. Gələn ildən başlayaraq və dörd il müddətində F.Qayıbov seçilmiş digər iki - İsveç və İsveçrədən olan vitse-prezidentlərlə birgə İdarə Heyətinin müxtəlif iclaslarında və Avropa çempionatlarında iştirak edəcək.
İkinci müddətə AGİ prezidenti seçilmiş fransız Jorj Qelzek bütün rəhbər heyəti təbrik edib və gələcək işin əsas prioritetləri barədə məlumat verib. Fərid Qayıbov gimnastikanın Azərbaycanda aparıcı idman növlərindən birinə çevrilməsi məqsədilə onun inkişafında və irəliləyişində on illik aktiv təcrübəyə malikdir. Onun bədii gimnastika üzrə irimiqyaslı beynəlxalq yarışların, eləcə də gimnastikanın müxtəlif növləri üzrə milli çempionatların idarə edilməsində və koordinasiyasında böyük təcrübəsi var.
F.Qayıbov iki dəfə Beynəlxalq Gimnastika Federasiyası Şurasının üzvü seçilib.

Mənbə: Milli.Az

7 dekabr 2013
GO BACK