Dekabrın 8-dən 9-a keçən gecə səmada meteor yağışı olacaq. ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) yaydığı açıqlamada bildirilir ki, saatda 15 meteor parıltısı müşahidə olunacaq. "Ulduz yağışı"nın səbəbi Yerin Puppida-Velida meteorit axınından keçməsidir. Meteor yağışını müşahidə etmək üçün ən yaxşı vaxt 02.30 radələridir. Bununla yanaşı, alimlər hesab edirlər ki, müşahidələrə Ay işığı mane ola bilər. Adi müşahidələr zamanı meteorların sanki üfüq xəttindən səmaya qalxdığı təəssüratı yaranacaq. Cənub yarımkürəsində meteor axınının başlandığı Puppida-Velida ulduz topasındakı nöqtə də görünəcək.
Meteorit axını və ya yağışı kometa, yaxud asteroid qalıqlarıdır. Bu maddələrin kiçik fraqmentləri Yerin atmosferinə daxil olur, dərhal alışıb yanırlar. Bu il ən güclü "ulduz yağışı" avqustda idi. O zaman Svift-Tuttl kometinin fraqmentləri, məşhur Perseidlər meteor axını ifrat aktvləşmişdi.
Mənbə: Milli.Az