Avropanın şimalını vuran "Ksavye" qasırğası artıq sakitləşməkdədir. Lakin qasırğa bir çox ölkələrdə fəlakətlərə, daşqınlara, qəzalara səbəb olub. Milli.Az European-a istinadən bildirir ki, çox güclü külək və böyük dalğalar Almaniyanın Hamburq şəhərinin bir çox məhəllələrini su altında qoyub. Balıq bazarını da su basıb. Almaniyanın şimalında on minlərlə ev işıqsız qalıb.
Qasırğa Şimali Avropa ölkələrində 7 nəfərin ölümünə səbəb olub. Polşanın şimalındakı Poray şəhərində küləyin kökündən çıxardığı atvomobil maşının üstünə düşüb və avtomobildəki 3 nəfər həlak olub. Britaniyada 2, İsveçdə 1, Danimarkada 1 nəfər "Ksavye"nin qurbanı olub. Almaniyada, habelə Skandinaviya ölkələrində: Berlin, Kopenhagen, Brüssel, Helsinki və s. şəhərlərdə yüzlərlə aviareys təxirə salınıb. Almaniya-Danimarka sərhədi yaxınlığındakı Emden şəhərini dəniz dalğaları vurub, İngiltərədəki Hemsbi şəhərində isə dalğalar sahildəki evləri aparıb. Polşa və Almaniyanın şimalında əksər məktəblər bağlanıb. Bu bölgələrdə küləyin sürəti 150 km/saata çatıb. Polşada ən azı 430 min ailənin işıqsız qaldığı vurğulanır. Hamburqda çayın səviyyəsi 6 metr qalxıb. Suyun səviyyəsinin bundan sonra da qalxacağı vurğulanır. Şotlandiyanı isə 228 km/saat sürətə malik qasırğa vurub. Hollandiyada son 6 il ərzində ilk dəfə olaraq Şeldt çayındakı bənd bağlanıb. "Ksavye" qasırğasının törətdiyi bəlalar nəticəsində onlarla insanın yaralandığı vurğulanır.
Mənbə: Milli.Az