IC Insights analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2013-cü ildə dünyada istehsal edilmiş müxtəlif elektron məhsulların ümumi qiyməti 4% artaraq 1,41 trilyon ABŞ dolları, 2017-ci ildə isə 1,74 trilyon dollara çatacaq. 2012-ci ildə bu göstəricinin 1,36 milyard dollar səviyyəsində olmasını nəzərə alsaq, yuxarıda göstərilmiş dövrdə elektronika bazarının orta illik artım sürəti 5% təşkil edəcək. Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlər baxılan bazarda 9 əsas kateqoriya ayırırlar: mobil telefon, standart fərdi kompüter, rəqəmli televizor, avtomobil sistemləri, planşet, server, tibbi elektronika, simsiz şəbəkə avadanlığı və oyun konsolları. Mütəxəssislər o fakta diqqət yetirirlər ki, bu il mobil telefonlar ilk dəfə olaraq fərdi kompüterləri ötərək elektronika bazarının ən böyük seqmentinə çevriləcək. 2013-cü ildə mobil telefon satışlarının 247,2 milyard dollar və ya elektronika bazarının ümumi gəlirinin 18 faizini, standart fərdi kompüterlər isə 208,3 milyard dollar gəlir qazandıracağı gözlənilir.