Qadin.NET / Təhsil Nazirliyi deputatın iradına cavab verdi

Təhsil Nazirliyi deputatın iradına cavab verdi

 

Milli Məclisin sonuncu iclasında YAP-çı deputat Siyavuş Novruzov uşaq ədəbiyyatı çap edən nəşriyyatlar üçün ƏDV-nin ləğv edilməsi ilə bağlı müzakirələr zamanı dərslikləri ciddi tənqid etdi. Deputat bildirdi ki, orta məktəb dərsliklərinin yazılmasında ciddi problemlər var. “Orta məktəb dərslikləri nə gündədir!? Adam onlara baxanda sovet hökumətinin dədəsinə rəhmət oxumaq istəyir. Kimin adamı var gəlib düşüb kitab yazmağa. Belə olmaz. Hamı özünü Nizami, Füzuli sayır. Dərsliklərin yazılması ilə bağlı yanaşma tərzinə baxmaq lazımdır”.Modern.az məsələ ilə bağlı Təhsil Nazirliyinə göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, dərslik müəllifləri Təhsil Nazirliyi tərəfindən seçilmir, dərsliklərin yazılmasına və qiymətləndirilməsinə hər hansı müdaxiləyə yol verilmir. Nazirlikdən onu da bildiriblər ki, dərsliklərdəki nöqsanlara görə dərslik müəllifləri və onu hazırlayan nəşriyyatlar birbaşa məsuliyyət daşıyırlar. “Bu suala birmənalı cavab vermək çətindir. Çünki dərsliklərin hazırlanması prosesindən razı olanlar da var, olmayanlar da. Bir həqiqəti bilmək lazımdır ki, dərslik müəllifləri Təhsil Nazirliyi tərəfindən seçilmir, dərsliklərin yazılmasına və qiymətləndirilməsinə hər hansı müdaxiləyə yol verilmir. Çünki mövcud qanunvericiliyə görə dərsliklər açıq tender (müsabiqə) yolu ilə hazırlanır və nəşr edilir. Dərsliklərdəki nöqsanlara görə dərslik müəllifləri və onu hazırlayan nəşriyyatlar birbaşa məsuliyyət daşıyırlar.Son illərdə kurikulum əsasında hazırlanan dərsliklərdə müəyyən problemlərin olduğunu nazirlik də təsdiqləyib: “Dərsliklərdə müəyyən nöqsanların olduğunu nazirlik də qəbul edir və bu problemlərin ardıcıl olaraq aradan qaldırılması üçün ciddi addımlar atmağa başlanılıb. Onların hazırlanması və nəşri sahəsindəki problemləri aradan qaldırmaq üçün nazirlik son 6-7 ayda müəyyən addımlar atıb. Belə ki, dövlət vəsaiti hesabına çap olunan dərsliklərin qeyri-qanuni yolla kitab bazarına yol açmasının qarşısını almaq və müəllif hüquqlarını etibarlı qorumaq məqsədilə Nazirlik 2013-2014-cü tədris ilinə çap olunan dərsliklərin hamısının müəlliflik hüququnu öz üzərinə götürüb. Bundan əlavə, kurikulum əsasında hazırlanmış yeni dərsliklərin vaxtında çap olunaraq məktəblərə çatdırılmasını təmin etmək, həmçinin dərsliklərdə aşkar olunan çatışmazlıqları vaxtında aradan qaldırmaq məqsədilə əvvəlki illərdən fərqli olaraq növbəti 2014-2015-ci tədris ilinə yeni dərsliklərin hazırlanmasına ildə 2 sinif olmaqla başlanılması qərara alınıb. Artıq növbəti tədris ilinə kurikulum əsasında VII və VIII siniflərin dərsliklərinin hazırlanması haqqında tender elanı “Xalq qəzeti”nin 23 və 27 noyabr 2013-cü il tarixli saylarında dərc olunub”.Bundan başqa, Təhsil Nazirliyindən onu da bildiriblər ki, VIII sinif üçün hazırlanan dərsliklər məhdud sayda çap olunaraq 1 il seçilmiş məktəblərdə sınaqdan keçiriləcək və sonra bütün məktəblərə verilməsi nəzərdə tutulub. Bu qayda qarşıdakı illərdə də davam etdiriləcək. Beləliklə, dərsliklər əvvəlcə sınaqdan keçiriləcək, sonra isə məktəblərə veriləcək: “Digər bir addım dərsliklərin monitorinqi zamanı meydana çıxmış irad və təkliflərin tədris prosesində aradan qaldırılmasında müəllimlərə metodik köməklik göstərmək məqsədilə Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə portalının yaradılmasıdır ki, onun da bu günlərdə təqdimatı olacaq. Monitorinq nəticəsində meydana çıxan problemlər dərsliklər tam tirajla çap olunduqca tamamilə aradan qaldırılacaq. Növbəti tədris ilinə tam tirajla çapı nəzərdə tutulan II və III sinif dərsliklərində aşkar olunan qüsurlar tamamilə islah olunacaq. Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib. Strategiyada ümumi təhsil kurikulumları və dərsliklərinin tamamilə yenidən yazılması nəzərdə tutulub. Eyni zamanda 10 il icbari ümumi orta, 2 il isə tam orta olmaqla, 12 illik ümumi təhsil sisteminin tətbiqi nəzərdə tutulur. Tam orta təhsil səviyyəsində təlim təmayüllər üzrə aparılacaqdır. Bu, dərsliklərin də yeni prinsiplər və məzmun əsasında yazılması zərurətini doğurur. Strategiyada həm də ümumtəhsil məktəbləri üçün elektron dərsliklərin yaradılması nəzərdə tutulur.Strategiyada nəzərdə tutulan bu işlərin nə zamandan başlanması strategiyanın icra mexanizmi olan Fəaliyyət Planının təsdiqindən sonra bəlli olacaq. Bu sahədə ciddi işlər aparılır, dərslik hazırlığı sahəsində beynəlxalq təcrübə öyrənilir, bu prosedurda yeni yanaşmaların olacağı nəzərdə tutulur. İnanırıq ki, qarşıdakı illərdə dərsliklərlə bağlı mövcud problemlər aradan qaldırılacaq və məktəblərimiz keyfiyyətli dərsliklərlə təmin olunacaq”.

Mənbə: Milli.Az


6 dekabr 2013
GO BACK