V.Fərzəliyevin sözlərinə görə, Bakıda yaşıllıqların salınması zamanı fitonsidlik qabiliyyəti güclü olan iynəyarpaqlı bitkilərə daha çox üstünlük verilir. Bu ağaclar havanın təmizlənməsində filter - hava təmizləyicisi rolunu oynamaqla yanaşı, səs-küyün yayılmasına da imkan vermir, insanların psixoloji durumuna müsbət təsir edir. Ancaq yaşıllaşdırma zamanı bütünlüklə iynəyarpaqlılardan çox da istifadə etmək olmaz. Çünki əgər yaşıllıq salınan ərazidə iynəyarpaqlıların tərkibi 30 faizdən çox olarsa, gələcəkdə həmin torpaqlarda turşuluq çox olar: "İynəyarpaqlı ağacların yarpaqlarında turşuluq çox olduğu üçün onlar torpağa töküldükcə torpaqda da turşuluq artır. Bunun da nəticəsində həmin torpaqlarda gələcəkdə başqa bitkilərin əkilməsi üçün əlverişsiz şərait yaranır. Ona görə də həmişə yaşıllıqlar salınan zaman orada həm iynəyarpaqlılar, həm enliyarpaqlılar, həm ağac, həm kol, həm də çiçək bitkisi olmalıdır. Bu, həm kompozisiya, həm də bioloji baxımdan bir-birini tamamlamalıdır".Abşeronda Eldar şamının əkilməsinə üstünlük verilməlidir
V.Fərzəliyev deyib ki, yaşıllaşdırma zamanı yerli bitkilərdən istifadə etmək daha məqsədəuyğundur. Bu, həm də yerli bitkilərin mühafizəsinə xidmət edər: "Məsələn, Eldar şamı təbiətdə çox az ərazidədir. Bu bitki yaşıllıq üçün istifadə olunmaqla həm də mühafizə edilmiş olur, onun azalmasının qarşısı alınır".Bioloq alimin sözlərinə görə, şam ağaclarının arasında quraqlığa və çirklənməyə ən davamlı bitki olan Eldar şamı Abşeronun iqliminə çox uyğun gəlir. Buna görə də Abşeronun yaşıllaşdırılması zamanı bu ağaca üstünlük verilməlidir.Alimin qənaətincə, dekorativ bitkilərin əkilməsinin də müəyyən mənada xeyri var: "Dünyanın əksər şəhərlərində ən gözəl, ən davamlı dekorativ bitkilərin əkilməsinə maraq göstərilir. Bunun müsbət cəhəti odur ki, bu yaşıllıqları salan təşkilatlar illər keçdikdən sonra əkdikləri bitkilərdən hansıların praktiki şəkildə həmin ölkəyə uyğun olduğunu görürlər. Bu məsələ bizim üçün də maraqlıdır. Çünki bizim elmi təşkilatlarımızın gücü çatmadığı bitkilər xaricdən alınıb gətirilir və əkilir. Bunun da sayəsində monitorinq edib baxırıq ki, bu bitkilərdən hansıları bizim mühitimizdə özünü daha yaxşı doğruldur?"Xəzərin duzlu suyu ağaclara mənfi təsir edir
Şəhərin dənizkənarı hissəsinə gəldikdə, V.Fərzəliyev deyib ki, Bakının dənizkənarı ərazilərinin yaşıllaşdırılması çox mürəkkəb məsələdir. Çünki Bakıda hava küləkli olduqda dəniz suyu yaxınlıqda yerləşən ağacların üzərinə düşür. Dəniz suyundakı duzluluq isə ağaclara mənfi təsir edir. Dənizkənarı ərazilərdə palma ağaclarının əkilməsi də çox risklidir. Çünki bu ağaclar şaxtalı havada quruya bilər. Buna görə də palmalar şəhərin küləkli olmayan ərazilərində əkilə bilər.
V.Fərzəliyev qeyd edib ki, dünyada palma ağaclarının 600-ə qədər növü var. Ancaq Abşeronda onun yalnız 4-5 növü bitə bilər: "Çünki palmalar şaxtaya çox davamsız bitkilərdir. Abşeronda bitən palmalar da şaxtaya davamlı olan növlərdir. Bu növlər Sovet dövründən Bakının müxtəlif yerlərində əkilib. Ancaq şaxtalar olduqda onların üzəri örtülüb".
Yaşıllaşdırma işlərində elmi təşkilatların iştirakı təklif edilirMərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini hesab edir ki, müəyyən ərazilərin yaşıllaşdırılması üçün Mərkəzi Nəbatat Bağı da öz tövsiyələrini verə bilər.
Onun sözlərinə görə, yaşıllaşdırma işləri aparılan zaman ölkədəki elmi təşkilatların da bu işlərə cəlb olunması yaxşı olardı. Bu işlər aparılarkən yalnız botanikin deyil, landşaft memarının da (Bağ-park və landşaft qurucusu) fikirləri nəzərə alınmalıdır. Çünki bu halda elmi işlərin nəticəsi praktiki olaraq tətbiq edilər, görülən işlər mütəxəssislər tərəfindən qiymətləndirilər, bu işlərin daha yaxşı aparılması üçün tövsiyələr verilər: "Məsələn, Moskva şəhərində bu iş çox yaxşı təşkil olunub. Orada meriyanın nəzdində müəyyən təşkilat yaradıblar. Həmin təşkilata elmi qurumlardan da mütəxəssislər cəlb ediblər. Onlar da mütəmadi olaraq monitorinq aparır və yaşıllaşdırma işlərinə qiymət verirlər".Bakıda əkilən ağacların çoxu ərazilərin çirkabından qida mənbəyi kimi istifadə edə bilmirAzərbaycan Dövlət Neft Şirkətinin Yaşıllaşdırma Departamentinin rəisi Sadiq Kərimov Trend-ə bildirib ki, neftlə çirklənmiş ərazilərin bərpası üçün həmin ərazilərdə yaşıllıqların salınması vacibdir. Abşeron yarımasında bu məqsədlə yaşıllaşdırma işləri aparılarkən əsasən yerli bitkilərdən istifadə edilir. Yaşıllaşdırma zamanı əsasən Eldar şamı, Avropa zeytunu, həmişəyaşıl sərvlər əkilir. Bəzi dözümlü bitkilərdən isə dekorasiya məqsədilə istifadə edilir.Ancaq S.Kərimov bildirir ki, Abşeron yarımadasının torpağı həm qida cəhətdən kasıbdır, həm də duzluluğa meyillidir. Bu amillər isə Abşeron yarımadasında hər cür ağacların əkilməsinə imkan vermir. Bunları nəzərə alaraq, Abşeron yarımadasında duzluluğa və ümumiyyətlə, dözümlü bitkilər əkilir. Bu bitkilər isə Avropa zeytunu, adi nar ağacı, iydə, Eldar şamı, həmişəyaşıl sərvdir.Bu ağacların neftlə çirklənmiş ərazilərin təmizlənməsində aktiv iştirak edib-edə bilmədiyinə gəldikdə, S.Kərimov deyib ki, bu bitkilərdə çirkli ərazilərin çirkabından qida mənbəyi kimi istifadə etmək xüsusiyyəti yoxdur. Belə xüsusiyyət saçaqlı kökə malik olan bitkilər, məsələn, qarğıdalı, mədəni qamışda var: "Arpa özü torpaqda qida mənbəyinin artmasında, oradakı zəhərli maddələrin parçalanmasında istifadə edilir".
Mənbə: Milli.Az