Qadin.NET / "Qocanı öldürməliyik"...

"Qocanı öldürməliyik"...

 

Dünən Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Loğman Kərimovun quruluşunda Akademik Milli Dram Teatrının səhnəsində Con Patrikin “Əziz Pamela” (ikinci adı “Bircə bu qarını öldürsəydik...”) iki hissəli farsının “Qocanı öldürməliyik” adlı tamaşasının premyerası baş tutdu.Bəzi yaradıcı və texniki qüsurları nəzərə almasaq, Akademik Milli Dram Teatrının yeni tamaşasını ümumilikdə uğurlu iş hesab etmək olar – müəllifin qələminə və əsərin ruhuna xas olan nəinki zaman və məkan anlayışlarının, eyni zamanda personajların təqdimatının həm müəyyənliyi, həm də qeyri-müəyyənliyi (C.Patrik: “Hadisələr qərb şəhərlərindən birinin ucqar hissəsində baş verir, sizlərdən heç biriniz belə yerlərdə olmasanız da, o məkanlar haqqında çox eşitmisiniz”, “Pamela Kronki - müəyyən bir yaşı olmayan qarı: “Baxın, bu sənədi mənə polis idarəsində veriblər, burada yazılana görə mənim 27 yaşım var, amma mən bilirəm ki, yaşım bundan daha çoxdu...”, Teatr Adamı – bizim adam, yaşının əhəmiyyəti yoxdu”) kifayət qədər dəqiq yaradıcı yanaşma ilə gözlənilmişdi. Maraqlıdır ki, orta yaşlı polis Co Yanki və əlli yaşlarında olan Həkim obrazları bir şəxsdə polis serjantı İzo (aktrisa Almaz Amanova) adlı personajda birləşdirilmişdi. Aktrisanın ifasındakı qrotesk elementləri personajın təqdimatını mono tamaşa xarakterinə yaxınlaşdırmışdı. Teatr Adamı adlı personaj isə ayrılıqda tamaşaya daxil edilməsə də, onun məziyyətlərini həm Pamela Kronkinin (Əməkdar artist Münəvvər Əliyeva), həm də Sol Bozonun (Əməkdar artist Ayşad Məmmədov) obrazlarının təqdimatında sezmək olar. Ümumiyyətlə, Münəvvər Əliyevanın ifasında Pamela Kronki farsın içində fars təəssüratı bağışladı. Bu qəribə və saf qəlbli qarının zirzəmi həyatının hər bir təfərrüatının üzə çıxması istehzalı şok təsirindədi. Və bu ovqat bütün tamaşa boyunca gözlənmişdi – zərif özünüistehzanın, müdrikliyin, insanpərvərliyin (“Adamlar hamısı bir-birinə bənzəyirlər, baxır onlara hansı tərəfdən yanaşırsan”), ünsiyyətcilliyin, özünəxas möminliyin üzvi həlli. Bred Viner rolunda çıxış edən əməkdar artist Elşən Cəbrayılovla Qloriya Qulok rolunun ifaçısı Vəfa Rzayevanın rollarının öhdəsindən təkbaşına gəlmək məqamını tamaşada göründükləri yalnız ilk səhnədə müşahidə etmək mümkün oldu. Sonrakı səhnələrdə onların təkbaşına ifasının əsas tərəf-müqabilləri olan M.Əliyeva ilə A.Məmmədovun əhatəsində baş verən ifalarına uduzması özünü aşkar büruzə verirdi. Başqa sözlə, M.Əliyeva ilə A.Məmmədov əksər rollarında üzə çıxardıqları sağlam sərbəstlik tərzinə (“Mümkün qədər sadə, yüngül, şən” devizinə uyğun olaraq) bu tamaşada da xilaf çıxmamışdılar...Qeyd edək ki, Amerika dramaturqu və ssenaristi Con Patrik (17 may 1905 - 7 noyabr 1995) Kentukki ştatında dünyaya gəlib. Lap kiçik yaşlarında valideynləri ondan imtina etdikləri üçün gələcək ədib uşaqlığını uşaq evləri və internatlarda keçirib. 19 yaşında ikən San-Fransisko radiosunda diktor vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1925-ci ildə Mildred Leqaye ilə evlənib. “Tələsik ürəklər” pyesinin işıq üzü görməsi ilə ilk ədəbi uğurunu əldə edəndən sonra C.Patrik ABŞ-ın Virginiya adalarına köçüb. 1995-ci il noyabrın 7-də 90 yaşlı dramaturqun meyiti öz otağında, başına polietilen paket keçirilmiş halda tapılıb. XX əsr Amerika dramaturgiyası C.Patrikin “Qəribə missis Sevidj”, “Ordan olan hər kəs”, “Maqbet bunu etdi”, “Pomidorlar üçün pis il”, “Tövbə”, “Empatiya”, “Aldadılmış dələduzlar”, “Pedikürçü”, “Həkim indi sizi müayinə edəcək” kimi pyesləri ilə zənginləşib.
Yazıçının “Əziz Pamela” (ikinci adı “Bircə bu qarını öldürsəydik...”) əsərini tənqidçilər və teatrşünaslar tipik Amerika tərzində qələmə alınmış hər şeyə qalib gələn Xeyirin qüdrətindən bəhs edən Milad nağıl-pritçası hesab edirlər. Pamela öz qəribəlikləri olan tənha qarıdı. Onun əri və qızı həlak olublar, başqa qohumları isə yoxdu. Ömrünü böyük bir evin zirzəmisində başa vurmağa hazırlaşır. Keçmiş, kifayət qədər təminatlı həyatdan ona xatirələrdən savayı heç nə qalmayıb. Amma belə görünür ki, bu həyat tərzi Pamelanı qane edir. O, pişiyi ilə yorulmadan söhbət edir və onun bütün şıltaqlıqlarını yerinə yetirir. Bir də Pamelanın Tanrısı var. Tanrısı ilə Pamela ən səmimi söhbətlər edir və hətta Milad bayramlarında ona açıqcalar, məktublar da yollayır (Pamela özü Milad bayramı günü dünyaya gəlib). Və hər şey elə beləcə davam edəcəkdi, əgər Pamela özü kimi həyatın küncünə atılmış insanlarla rastlaşmasaydı. İş elə gətirir ki, xəstəliyi ucbatından iş yerini itirmiş bacarıqlı mühəndis, onun rəfiqəsi və keçmiş nəşriyyat işçisi Pamelanın evində məskunlaşırlar. Bu vəziyyət Pamelanın lap ürəyincə olur. Onlar özlərini fransız ətirlərinin buraxılışı üzrə mütəxəssis kimi təqdim edərək Pamelaya birgə biznes açmağı təklif edirlər. Pamelanın sığorta işini ustalıqla yoluna qoyaraq dələduzlar bu pulları tez bir zamanda ələ keçirmək haqqında düşünməyə başlayırlar. Bunun üçün isə qarını ölümünü tezləşdirmək lazımdı.Bu əsər eyni zamanda həm kədərli, həm də məzəlidi. Burada insan xislətinin qabarıq tipikliyi nəzərə çarpır – o, əvvəlcə dağıdır və öldürür, sonra əldə etdiklərindən məhrum olur, daha sonra isə tövbə edir. Aydın məsələdir ki, müqəddəs olmaq mümkünsüzdür, hər kəs səhvə yol verir və bəzən bu səhvlər çox kobud olur. Pamela isə bu amansız dünyada müdrikliyini və insanlara sevgisini qoruyub-saxlamağı bacarıb.
“Əziz Pamela” pyesi “Bircə bu qarını öldürsəydik...” adı altında bir sıra Rusiya teatrlarında müxtəlif illərdə tamaşaya qoyulub.
Mənbə: Milli.Az
6 dekabr 2013
GO BACK