Azərbaycanda azyaşlı uşaqların internet klublarından istifadəsinə məhdudiyyətlərin qoyulması və bununla yanaşı, klubların fəaliyyətinə nəzarətin gücləndirilməsi təklif edilib. Təklifdə qeyd edilir ki, yaşı 12-dən aşağı olan uşaqlar klublara valideynləri ilə gəlməlidirlər. Yaşı 14-dən yuxarı olan uşaqları isə yalnız saat 20:00-dan sonra valideynləri həmin klublara gətirməli olacaqlar. Bu cür təklifləri səsləndirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri üzrə şöbəsinin müdir müavini Pərviz Əliyev hesab edir ki, azyaşlıların tərbiyəsinə, ilkin növbədə, internet klublar təsir edir. Və bütün bunlara görə uşaqlar arasında təhsildən yayınma və zorakılıq halları baş verir ki, bu da klublarda monitor arxasında oturan uşaqların kompüterdən düzgün istifadə etməməsi ilə əlaqədardır.Anspress yaxır ki, uşaq problemləri üzrə şöbənin müdir müavini Pərviz Əliyev deyib: “Bu məhdudiyyətlər təkcə uşaqların yaşına görə yox, həm də uşaqların hansı materiallardan internetdən istifadə edəcək, valideynlər ona baxacaqlar. Bu məsələ qabardılır. Çünki məktəblərdə internet var və uşaq hansısa öz dərsliyi ilə bağlı internetdən maraqlanmaq istəsə, bunu məktəb təmin edə bilər. Yəni məktəblərdə şərait var artıq, uşaq internet klublara üz tutursa, burada onun başqa maraqları var”.Bundan başqa Pərviz Əliyev onu da bildirdi ki, azyaşlı uşaqların istifadə etməsi üçün xüsusi kompüterlər ayrılmalıdır və onlara filtrasiyalı proqramlar quraşdırılmalıdır ki, sonradan böyük fəsadlara səbəb olacaq hadisələrin qarşısı alınmış olsun. Artıq komitə tərəfindən hazırlanan bu təkliflər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilib. İnternet klublarda isə az yaşlı uşaqlara rast gəlməmək mümkün deyil. Əsasən, 8 və 9 -cu sinif şagirdləri klublara oyun oynamaq üçün gəldiklərini deyirlər.
İnternet klub inzibatçıları isə məktəbli uşaqların yalnız günorta saat 2-dən sonra gəldiyini bildirirlər. Dərs vaxtı uşaqların klublara girişinə isə icazə verilmir.İnternet klub inzibatçısı Ramin Mirzəyev: “Dərsdən sonra da gələndə də ən çox oyun oynayırlar, youtube-da videolara baxırlar, nəzarət edirik. Bəzi saytlara icazə vermirik, kompüteri bağlayırıq”.
Hər halda bütün bunlar onu göstərir ki, klublara üz tutan azyaşlı uşaqların bir çoxu internetdən düzgün istifadə etmir. Bundan başqa azyaşlı məktəblilərin psixologiyasına təsir edən oyunlar oynaması da onların aldığı təlim-tərbiyəyə də təsirsiz ötüşmür.
Mənbə: Milli.Az