BenQ şirkəti smartfonlar bazarına qayıdaraq A3 və F3 modellərini təqdim edib. Hər iki qurğu 1,2 giqahers takt tezlikli dördnüvəli prosessorla təchiz olunub. F3 modeli MediaTek MT6589, A3 Snapdragon MSM8225Q çipinə malikdir. Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfonlar 960×540 piksel təsvir ölçülü 4,5 düymlük displey, 1 giqabaytlıq operativ və 4 giqabaytlıq quraşdırılmış yaddaş, microSD kartı üçün çıxış, 2 meqapikselli ön kamera və tutumuna görə bir-birinə oxşar olan batareya (F3-də 2100 milli amper saat, A3-də 2000 milli amper saat tutumlu batareya) ilə təchiz edilib.
BenQ smartfonları əsasən kameraları ilə seçilir (modellər müvafiq olaraq 13 və 8 meqapikselli kameraya malikdir). F3-də əməliyyat sistemi qismində Android 4.2.2, ikinci qurğuda Android 4.1.2 sistemi quraşdırılıb.
BenQ F3-in qiyməti 270 dollar, BenQ A3-ün 200 dollar təşkil edəcək. Bu smartfonların beynəlxalq bazara çıxarılacağı məlum deyil.
Mənbə: Milli.Az