Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalar arası dünya çempionatı davam edir. Yarışın 8-ci turunda şahmatçılarımız Misir komandası ilə oyunda qələbə qazanıblar. Anspress yazır ki, kvartetlərimizin turnirin autsayderi üzərində qələbə qazanacağı gözlənilən idi. Aktivində 0 xalı olan Misir şahmatçıları ilə görüşdə yığmamızın üzvləri rəqiblərini bu dəfə də əliboş yola salıb. Kapitanımız Rauf Məmmədov bu turda istirahət etsə də, onun komanda yoldaşları Eltac Səfərli, Nicat Məmmədov, Vasif Durarbəyli və Qədir Hüseynov Misir üzərində 4-0 hesablı qələbəyə imza atıblar. Bu gün keçiriləcək 9-cu tur çərcivəsində Avropa çempionlarımız Almaniya şahmatçıları ilə qarşılaşacaqlar. Bu oyunda qazanılacaq qələbə aktivində 7 xalı olan yığma komandamız üçün reytinq baxımından çox vacibdir.
Mənbə: Milli.Az