Qadin.NET / 8 ildir qəbul olunan qanun niyə hələ də işləmir?

8 ildir qəbul olunan qanun niyə hələ də işləmir?

 

Azərbaycanda 8 ildir qəbul olunan qanun hələ də işləmir. Söhbət dünyanın 60-dan çox ölkəsində qəbul olunan məmurların gəlir bəyannaməsi ilə bağlı qanunundan gedir. Hələ 2005-ci ildə ölkə başçısı Nazirlər Kabinetinə 3 ay müddətinə gəlir bəyannamələrini açıqlamaq qaydalarının hazırlaması tapşırığını verib. Ancaq nədənsə hələ də hökumət prezidentin tapşırığına əməl etmir. Anspress yazır ki, Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoruVasif Mövsümov hesab edir ki, Azərbaycanda bu qanunun işlənilməsi üçün hökumət öz üzərinə düşəni etməlidir. "Əgər ölkədə korrupsiyaya qarşı mübarizə gedirsə, onda bu qanun mütləq fəaliyyətə başlamalıdır. Azərbaycanda korrupsiyaya qarşı hər cür şərait yaradılıb. Ancaq niyəsə məmurların gəlir deklarasiyası mexanizmi işləmir. Düzdür, Azərbaycan kimi ölkədə gəlir bəyənnaməsi kimi qanunun işləməsi riskli məsələdir. Məsələn, dünya ölkələrinin praktikalarına nəzər salsaq, görərik ki, korrupsiyaya qarşı mübarizə zamanı siyasi sabitlik pozulur, iqtisadi xaus olur. Ancaq buna baxmayaraq qeyri-şərtsiz, ölkə başçısının siyasi iradəsini əsas götürərək bu qanun işləməlidir. Məmur müqaviməti olsa belə bu müqavimət qırılmalıdır. Qanun işləsə, korrupsiyaya qarşı çox müsbət irəliləyişlər ola bilər. Yəni hər bir məmur artıq gəlib gəliri barəsində bəyannamə verməyə borclu olacaq". Dünya təcrübəsindən də misal gətirən mütəxəssis qonşu Rusiyada məmurun ailəsinin də gəlir bəyannaməsi verdiyini deyir. Onun sözlərinə görə, Rusiya hökuməti son vaxtlar bu bəyannanələri yoxlatdırıb və ortaya maraqlı faktlar çıxıb. Belə ki, məmurların bəzən yalan məlumat verdikləri aşkarlandı və onlar məsuliyyətə cəlb olundu. "Bizdə də qanun tam gücü ilə işləsə, məmurlar korrupsiya hallarından çəkinə bilərlər. Məmur qanundan qorxmasa, korrupsiyaya qarşı mübarizə səmərə verməyəcək. Bu qanunda effektiv nəticə əldə etmək üçün prezidentin siyasi iradəsi olmalıdır. Məmurlara qarşı hüquq mühafizə orqanlarının ciddi cəza tədbirləri nəzərdə tutulmalıdır. Həmçinin bu proseslər paralel getməli və güclü vətəndaş cəmiyyəti olmalıdır. Sadaladığım məsələlər mümkün olarsa, o zaman məmur məcburən öz fəaliyyətini şəffaflaşdıracaq”. Ekspertin fikrindən belə qənaətə gəlmək olar ki, sözügedən qanun işlədiyi təqdirdə məmur şübhəli qaynaqlardan qeyri-rəsmi gəlir əldə edərsə, bununla bağlı açıqlama verəsi olacaq. Bu isə məmurun korrupsiyaya qurşanmasının qarşısını ala bilər. İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Qubad İbadoğlu isə yaxın 3 ildə bu qanunla bağlı hər hansı dəyişiklik olunacağına ehtimal etmədiyini deyib. Ekspertin fikrincə, məmurların gəlir bəyannaməsi verməsi açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizənin daha səmərəli aparılması üçün zəruri addımdır: "Açıq Hökumət Təşəbbüsünün 4 əsas istiqamətindən biri də məhz elə gəlirlərin bəyan edilməsinə həsr olunub. Amma təəssüflər olsun ki, bununla bağlı İqtisadi Tədqiqatlar Mərkəzi “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nında heç bir öhdəlik götürmədi. Bu onu göstərir ki, yaxın zamanlarda bu istiqamətdə ciddi dəyişiklik nəzərdə tutulmur. Açıq Hökumət Təşəbbüsü çərçivəsində, təəssüflər olsun ki, biz belə öhdəlik götürmədik. Ola bilər ki, növbəti fəaliyyət planında, yəni 2015-ci ilən sonra bu məsələ təklif olunsun. Mütəxəssis bu qanunun işləməsi üçün müəyyən mexanizimlərdən istifadə olunmasını vacib sayır. Qubad İbadoğlu deyir ki, Nazirlər Kabineti gəlir bəyannaməsi ilə bağlı formaları təsdiq etməlidir: “Həmin formalar əsasında da dövlət məmurlarının gəlirləri və əmlakı barəsində bəyənnamə doldurulmalıdır. Bu gəlir bəyannaməsi formalarının hazırlanması üçün Nazirlər Kabinetinin hələ 2005-ci ildə 3 ay zamanı var idi. Ancaq verilən 3 ay müddətdən bu vaxta qədər 8 ilin keçməsinə baxmayaraq hökumət bu məsələni həll edə bilməyib. Hesab edirəm ki, bu istiqamətdə siyasi qərar verilməlidir. Yüksək səviyyədə siyasi müzakirələr aparılmalıdır ki, məsələ həll olunsun. Xarici ölkələrdə siyasi fəaliyyət göstərənlər deyil digər vəzifəli şəxslər də öz gəlirləri və əmlakları barədə ictimaiəti məlumatlandırırlar. Düzdür, orada da problemlər olur. Ancaq buna baxmayaraq bu proses xarici ölkələrdə işləyir və antikorrupsiya baxımından effekt verir”. Milli Məclisin İqtisadi-siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə məsələ ilə bağlı şərh vermək istəməsə də, gəlir bəyannaməsi ilə bağlı hər şeyin deyildiyini və dəfələrlə məsələ qaldırıldığını bildirdi. "Ancaq vəziyyət göz qabağındadır". Qeyd edək ki, Avropa ölkələrində bu təcrübə 1980-ci illərdən başlayarq geniş yayılmağa başlayıb. Qonşu Rusiya, Ukrayna və Litvada isə bir neçə ildir ki, məmurlar gəlirlərini bəyan etməkdən çəkinmirlər. Türkiyə və Gürcüstanda isə hətta məmurların ailələri də gəlirləri və əmlakları barədə ictimaiyyəti məlumatlandırırlar. 

 

Mənbə: Milli.Az

5 dekabr 2013
GO BACK