Qadin.NET / Hıçqırmamaq üçün nədən vaz keçməli - romantika, stress, yemək?..

Hıçqırmamaq üçün nədən vaz keçməli - romantika, stress, yemək?..

 

Hıçqırıq nəfəs almamızda əhəmiyyətli rol oynayan diafraqma əzələsinin, ani və istəksiz bir şəkildə sıxılmasıdır. İnsanı hıçqırıq tutanda bu əzələ təkrar-təkrar sıxılır və hər dəfəsində içimizə sürətlə hava çəkməyimizə səbəb olur. Havanı çəkməyimizlə yanaşı, səs telləri birdən bağlanır və hıçqırıq səsi meydana gəlir. Çox yemək və ya spirtli içkilərdən meydana gələn hıçqırıq təhlükəli olmur və öz-özünə keçir. Ancaq keçici hıçqırıq olsa belə, buna önəm vermək lazımdır. Mütəxəssislərin fikrincə, uzun sürən və keçmək bilməyən hıçqırıq ağciyər iltihablanmasına və ya böyürək çatışmazlığının əlaməti ola bilər. Ümumiyyətlə, hıçqırıq bir neçə dəqiqə və ya aylar boyu davam edə bilər. Tez sakitləşən hıçqırıq problem yaratmasa da, uzun sürən və davamlı hıçqırıqlar diqqətə alınmalıdır. Həkim-qastroenteroloq Vidadi Əliyevin sözlərinə görə, mədə çox dolu olan zaman bu doluluq özbaşına qısa müddətdə keçə bilən bir hıçqırığa səbəb ola bilər. "Sürətli yemək, həddindən artıq spirtli içki qəbul etmək, çox hava udmaq, isti və soyuq içkilərin qarışmasıyla mədə istiliyinin birdən dəyişməsi, ya da həyəcanlanmaq kimi vəziyyətlər, diafraqmanın bitişiyində olan mədənin şişməsinə və ya gərilməsinə gətirib çıxarır. Mədənin genişləməsi diafraqmaya toxunmasına və bu da hıçqırığa səbəb olur". Həkim deyir ki, çox gülmək də hıçqırığa səbəb ola bilər. Belə ki, güldüyümüz an içimizə ani olaraq hava çəkməyimiz hıçqırıq yaradır. Hava çox sürətli bir şəkildə qırtlaq qapağına doğru əsib, diafraqmayla əlaqədar sinirləri xəbərdar edir və bunun nəticəsində hıçqırıq başlayır. Romantik faktorlar və stress hıçqırığın meydana gəlməsində böyük rol oynayır. Qayğı və stress diafraqmanı xəbərdar edən hormonların yaranmasına səbəb olur və hıçqırıq əmələ gəlir. Həmsöhbətimizin sözlərinə görə, hamiləlik əsnasında da böyüməkdə olan körpə, diafraqmaya təzyiq edir və bu da hıçqırıq yaradır. Hamilə qadınlar bütün hamiləlik boyu bu problemlə qarşılaşırlar. "2 gündən çox sürən hıçqırıqlara inadçı hıçqırıq deyilir. Nadir halda olsa da, bir aydan çox sürən hıçqırıqlar da var ki, bu cür davamlı hıçqırıqlar yorğunluğa, yuxusuzluğa və çəki itirməyə səbəb ola bilər. İnadçı hıçqırıqlar ciddiyə alınmalıdır, çünki çox əhəmiyyətli bir xəstəliyin əlaməti də ola bilər. Eynilə qısa müddətli hıçqırıqlarda olduğu kimi, inadçı hıçqırıq da bir deyil, bir çox səbəbdən yarana bilər". Diafraqma əzələsiylə əlaqədar sinirlərin ziyan görməsi, ya da xəbərdar edilməsi səbəbiylə uzun müddətli, inadçı hıçqırıqlar görülə bilər. Sinirlərdə bu tip problemlərə şiş, kist, guatr, laringit və ya boğaz ağrısı yol aça bilər. Mərkəzi sinir sistemindəki bir şiş və ya infeksiya, digər bir ziyan, bədənin hıçqırıq refleksini nəzarət edən mexanizmi üzərində mənfi bir təsir yaratmış ola bilər. Məsələn iflic, meningit, beyin zədəsi kimi narahatlıqlar da hıçqırığa səbəb ola bilər. "Davamlı hıçqırıq reflü, meningit və bənzər xəstəliklər, sətəlcəm, qaraciyərdə şiş, qəbizlik, ürək böyüməsi, mədə xərçənginin əlaməti ola bilər. Bu səbəbdən də əgər hıçqırıq uzun müddət davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır. Hıçqırıq əsasən ağciyər çatışmazlığı zamanı özünü göstərsə də, digər təhlükəli xəstəliklərin də əlaməti ola bilər". Əsəblərinizə toxunan, bəzən güldüyünüzə peşman edən hıçqırıqdan qurtulmaq üçün dərin nəfəs alıb nəfəsinizi yavaş-yavaş 10-a qədər sayıb buraxın. Və ya bir kağız torbanın içinə müəyyən fasilələrlə nəfəs alıb verin. Əgər hıçqırıq əl çəkmirsə, birnəfəsə bir stəkan soyuq su için. Bir çay qaşığı şəkər və ya bal da hıçqırığı kəsir. Hıçqırıq böyüklərlə yanaşı, uşaqlarda da müşahidə edilir. Uşaqlarda hıçqırıq çox zaman qidalanmadan sonra özünü göstərir. Mütəxəssislərin fikrincə, hıçqırıq çox zaman kişilərdə özünü büruzə edir. Qadınlarda isə daha az baş verir. Uzunmüddətli hıçqırığın qarşısını almaq üçün ancaq həkimə müraciət etmək lazımdır.

 

Mənbə: Ekspress.Az

5 dekabr 2013
GO BACK