Qadin.NET / Kənd təsərrüfatı bahalaşmadan necə qurtulacaq?

Kənd təsərrüfatı bahalaşmadan necə qurtulacaq?

 

"Neft məhsullarının qiymətinin artmasının kənd təsərrüfatı məhsulları istehsalçılarına zərər vurmaması üçün bu sahəyə ayrılan subsidiyalar artırılacaq". Bunu açıqlamasında Tarif Şurasının şöbə müdiri Ceyhun Nəcəfov bildirib. Onun sözlərinə görə, hazırda dövlət hər hektar üçün kənd təsərrüfatı istehsalçılarına 40 manat verir. Amma qiymət artımından sonra bu məbləğin də artırılması müzakirə olunur.Anspress yazır ki, Tarif Şurasında əmin edirlər ki, benzinin və dizel yanacağının qiymətinin artması digər sahələrə, o cümlədən şəhərdaxili sərnişin daşıma tariflərinə təsir etməyəcək. Qurumun hesablamalarına görə, artımın səviyyəsi nəqliyyat daşımalarına təsir etməyəcək səviyyədədir. Ceyhun Nəcəfovun sözlərinə görə, sərnişindaşımada tətbiq olunan tariflər də şura tərəfindən tənzimlənir. Bununla bağlı hər hansı müraciət olmayıb və məsələ gündəmdə deyil. Hava nəqliyyatı ilə daşımalara təsir isə, ümumiyyətlə, təkzib edilir. Artımın aviasiya yanacağına aid olmadığı bildirilir. Tarif Şurasının qərarına görə, dekabrın 3-dən ölkədə Aİ-95 oktanlı benzinin pərakəndə satış qiyməti 80 qəpik, Aİ-92 və Aİ-80 70 qəpik, dizel yanacağının qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Ümumilikdə qiymətlər təxminən 30% artıb. Bu, cəmiyyətdə birmənalı qarşılanmayıb. Hökumət isə qərarını belə əsaslandırır.“Ölkədə yeni nəqliyyat infrastrukturları tikilir, yollar, körpülər salınır. Belə bir vaxtda eyni zamanda yanacağın qiyməti subsidiyalıdır. Belə qərara alındı ki, bu subsidiyalı qiymət bir az artırılsın, aksiz hesabına gələn gəlir büdcəyə köçsün və həmin məqsədlərlə istifadə edilsin” - deyə Ceyhun Nəcəfov bildirib.Azərbaycanda son dəfə benzin 2007-ci ildə bahalaşıb. Həmin vaxt bu digər sahələrdə, o cümlədən ərzaq məhsullarının qiymətində də artımla müşahidə olunmuşdu.

Mənbə: Milli.Az

5 dekabr 2013
GO BACK