Qadin.NET / Qurdlar bağırsaq vadisində

Qurdlar bağırsaq vadisində

 

Parazit həyat sürən helmintozların (qurdlar) insan patalogiyasındakı rolu danılmazdır. Parazitlər qan azlığının əmələ gəlməsi ilə insan orqanizminə həm intoksikasiya nəticəsində, həm də bağırsaq divarlarındakı reseptorlardan sinir-reflektor yolları ilə təsir edir.

Askaridoz
Həkim-helmintoloq İrina Deblyaşova Milli.Az-a açıqlamasında deyir ki, nazik bağırsaqlarda parazit həyat sürən askaridalarla insanın yoluxması askaridozun əmələ gəlməsinə səbəb olur. Askaridalar formaca iyə oxşayan girdə qurdlardır. Dişilərin uzunluğu 25-40 sm, erkəklərinki isə 15-22 sm-ə çatır. İnsan bağırsağında istər erkək, istərsə də dişi parazitlər həyat sürə bilər. Əgər orqanizmdə dişi parazit varsa, xəstənin nəcisində yumurta sarısı hüceyrə olan və üzəri zülali qişa ilə örtülən oval və armud şəkilli mayalanmış yumurtalar olur. Əgər bağırsaqda erkək askaridalar mövcud olarsa, dişilər gün ərzində 200 mindən artıq yumurta qoya bilir. Askaridaların yumurtaları davamlı olmaları ilə fərqlənir. Onlar temperaturu 20-30 dərəcə istiliyi olan nəm torpaqda yetişir. Askaridoz yumurtaları torpaqla çirklənmiş göyərti, meyvə və giləmeyvələrdə, bəzən isə içməli su hövzələrində olur. İnsan bağırsağına düşdükdən sonra yumurtalar bağırsaq divarından damar siteminə - qapı venasına keçir. Yumurtadan çıxan sürfələr qaraciyərə, həmçinin ağciyər arteriyası ilə ağ ciyərlərə, bronxlara, traxeyaya və ağız boşluğuna keçərək ağız suyuna qatışır. Udqunma nəticəsində isə onlar nazik bağırsağa düşürlər.
Askarida yumağı
Həkimin sözlərinə görə, yoluxmuş insanın bağırsağında olan askarida sürfələri böyüməkdə davam edir, onlardan cinsi yetişkənliyə çatmış dişi və erkək askaridalar törəyir. Bu inkişafın tam tsikli iki ay çəkir. Askaridanın insan orqanizmində parazit həyat sürmə müddəti bir ilə qədərdir. Çox vaxt insanın bağırsağında çoxlu miqdarda bu tip parazitlərin yaşaması orqanizmin şiddətli intoksikasiyasına, bəzən askaridaların yumağı bağırsaq keçməzliyinə səbəb olur.
Bağırsaq keçməzliyi
Helmintoloq bildirib ki, askaridoz əsasən iştahın azalması, baş gicəllənmə, mədə bulanması, qarın nahiyəsində ağırlıq hiss kimi simptomlarla özünü büruzə verir. Askaridozda ağız suyunun axması, dişləri qıcamaq, qarında şiddətli ağrı və köp müşahidə edilir. Bu xəstəliyə yoluxan uşaqlarda fikir dağınıqlığı, əhvalın pozulması, yuxuda həyəcan, gecə qarabasmaları və baş ağrıları yaranır. Əllə müayinə zamanı göbəyin aşağı hissəsi və sağ qalça çuxuru nahiyəsində ağrılar olur. Həmçinin mədə şirəsinin turşuluğu əksər hallarda azalır. Uşaqlarda tez-tez rast gəlinən askaridozun ağırlaşması bağırsağın askarida yumaqcığı ilə tıxanması nəticəsində bağırsaq keçməzliyinin yaranmasıdır. Askaridozun diaqnozu nəcis analizi və qanın laborator müəyinəsindən sonra qoyulur.
Müalicə
Helmintoloqun dediyinə görə, askaridozun müalicəsində həm kimyəvi, həm də fiziki vasitələrdən istifadə edilir. Fiziki müalicə bağırsağa zond vasitəsilə oksigen yeridilməsi ilə aparılır. Askaridlər anaerob parazit olduqları üçün bu prosesdən 2-3 gün sonra tələf olurlar və nəcislə ifraz olunurlar. Ancaq hazırkı dövrdə ən geniş yayılmış müalicə növü kimyəvi üsuldur. Müalicə müddəti iki mərhələdən ibarət olub, 15+15 gün davam edir. Xəstə iki gün müntəzəm olaraq dərman preparatı qəbul edir. Sonra üçünçü gün maqnezium sulfat və ya başqa işlədici duz suya qatılaraq qəbul edilir və bağırsaq yuyulur. Bəzi dərman preparatlarının mədədə həzm olunmaması üçün üzəri xüsusi qılafla örtülü olur və onlar bağırsaqda parçalanaraq öz təsirini göstərir. Bu tip dərmanlarla müalicə aparıldıqda ehtiyatlı olmaq lazımdır. Çünki onların zərərli təsiri birbaşa qaraciyər, böyrək və mədə-bağırsaqda özünü büruzə verir.
Bizquyruq
Həkim vurğulayıb ki, xəstəliyi xırda, girdə və ağ rəngli enterobioz qurdlar törədir. Dişilərində bədənin uzunluğu 1 santimetrə qədər, erkəklərinki isə 2-5 sm-dir. Dişilərdə bədənin arxa ucu sivriləşmiş, erkəklərdə isə spiral şəkilli olur. Bizquyruqlar nazik bağırsağın aşağı hissəsində yaşayır. Lakin onlar yoğun bağırsaqda da parazit həyatı sürür və anus dəliyindən xaricə çıxa bilirlər.
Qurdların gecə əməliyyatı
Helmintoloqun sözlərinə əsasən, enterobioza əsasən uşaqlar tez-tez yoluxurlar. Yoluxma çirkli əllərdə yetişmiş yumurtaların ağıza aparılması zamanı, xəstələrlə kontakt nəticəsində və daha az təsadüflərdə isə torpaqla çirklənmiş meyvə və tərəvəzi yumadan qəbul etdikdə baş verir.Bizquyruqların yumurtaları insanın ağzından mədə və bağırsağına keçir. Onlar nazik bağırsaqda yetişirlər. Cavan parazitlər bağırsağın divarına möhkəm yapışaraq onu sorurlar. Onların dişiləri cinsi yetişkənliyə çatdığı zaman bağırsaqdan xaricə çıxır, sonra anus ətrafında və perianal büküşlərdə yumurta tökürlər. Qurdların dişiləri yumurta tökdükdən sonra ölürlər. Bizquyruqların yaşama müddəti 1 aya qədərdir. Bu qurdlar bağırsaqdan əsasən gecələr çıxaraq fəaliyyətə başlayırlar ki, bu da xəstələrdə narahatedici qaşınma yaradır. Bunun nəticəsində uşaqlar anus nahiyəsinin dərisini qaşıyır, dırnaqaltı sahəni və barmaqların uclarını qurdların yumurtaları ilə çirkləndirirlər. Buna görə də xəstəliyə yenidən yoluxmamaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır.
Əsəbi uşaqlar
Həkim-helmintoloq qeyd edib ki, enterobiozlu uşaqlarda ümumi sinir oyanıqlığı və əsəbilik xarakterikdir. Uşaqlar pis yeməyə başlayır, şıltaqlıq edir və gecələr tez-tez yuxudan oyanırlar. Onların bir çoxunda baş ağrıları, mədə bulanması, gecə sidiyi saxlaya bilməmə kimi problemlər ortaya çıxır. Xəstəliyin ilkin müalicə kursu 5-7 gündür. Müalicə zamanı kükürd tərkibli müxtəlif həb və tozlardan istifadə olunur. 10 gün keçdikdən sonra müalicə kursu təkrarlanır.
Lyamblioz
Həkimin söylədiyinə görə, lyamblioz uşaqlar arasında ən geniş yayılmış qurd xəstəlikləri sırasındadır. Xəstəliyin törədicisi olan prazitlər nazik bağırsağa düşərək bağırsaq mühitinin və qaraciyərin zədələnməsinə səbəb olur. Xarici mühitə davamlı olan bu tip parazitlərin sürfələri su hövzələrində, hətta xlorlanmış kran suyu vasitəsi ilə insanı yoluxdura bilər. Onlar çox vaxt dezinfeksiya edilmiş torpaqda və suda 2 aya qədər yaşama qabiliyyətinə malikdir. Bunun üçün açıq su mənbələrindən, qaynadılmamış sudan, yaxşı bişirilməmiş qidadan, yuyulmamış meyvə-tərəvəz məhsullarından istifadə etmək təhlükəlidir. Bu xəstəliyə əsasən məktəb yaşlı uşaqlar qələm və karandaş başlarını dişləmək kimi zərərli vərdişlərlə yoluxmaya məruz qalırlar.Xəstəliyin 2 həftəlik müalicə dövrü var. İlk mərhələdə parazitlərin çoxalmasının qarşısının alınması üçün pasiyentə pəhriz qidaları – sıyıqlar, quru meyvələr, tərəvəzlər verilməlidir. Bundan sonra dərman müalicəsinə başlamaqla effektiv nəticə almaq mümkündür. Daha sonra isə orqanizmin müdafiə qabiliyyətini və immun sistemini yüksəltmək lazımdır. Bunun üçün xəstələrə vitaminli qidalar - müxtəlif yarma sıyıqları, meyvə püreləri, tərəvəz şorbaları, süd məhsulları təyin edilir.
Tükbaş
Helmintoloq deyir ki, xəstəliyi yoğun bağırsaqlarda, əsasən də kor bağırsaqda parazit həyat sürən tükbaş qurd törədir. Parazitin dişilərinin uzunluğu 4-5 sm-ə yaxın, erkəklərininki isə 2,5-3 sm-dir. Qurdun bədəninin ön hissəsi tük şəklində, arxa hissəsi isə qalın olur. Tükbaş yumurtaları xarici mühitdə olduqca yüksək temperaturda inkişaf edə bilir. İnsan tükbaşın yetişmiş yumurtasını udduğu zaman xəstəliyə yoluxur. Udulmuş yumurtadan bağırsaqda sürfələr çıxır və onlar xortumları ilə bağırsağın selikli qişasına yapışırlar. Onların bağırsaqda həddindən artıq çox olması sinir sisteminin fəaliyyətini pozur və bağırsaqda kolit simptomları meydana çıxır.Baş ağrısı, iştahın azalması, mədə bulanması, qusma, qarında ağrı, selikli nəcis ifrazı, ağız suyunun axması, arıqlama, əsəbilik, başgicəllənmə, huşun itməsi və əzələ qıcolmaları xəstəliyin əsas klinik simptomlarıdır.
Çətin müalicə
İ.Deblyaşova qeyd edib ki, trixosefalyozun müalicəsi olduqca çətindir. Müalicə üçün toksiki preparatlardan istifadə olunur. Ancaq bu dərmanları 6 yaşa qədər uşaqların və 55 yaşdan böyük olan xəstələrin müalicəsində tətbiq etmək qəti qadağandır. Müalicəyə başlamazdan əvvəl xəstənin qara və ağciyərləri, böyrəyində heç bir problem olmamalıdır. Dərmanların toksik təsiri nəticəsində qusma, qarında ağrı, sidiyin yaşıl rəngə boyanması müşahidə edilərsə, dərhal dayandırılmalıdır. Belə hallarda mədəni yumaq və işlətmə duzu vermək lazımdır. Müalicə dövründə xəstələr tünd və turş yeməklər qəbul etməməlidirlər. Əks təqdirdə orqanizm dərmanların toksik təsirinə məruz qala bilər.
Lentşəkilli qurd
Həkimin dediyinə görə, bu xəstəliyin səbəbkarı lentşəkilli (difillobotrioz) qurdun bağırsaqda parazit həyat sürməsi nəticəsində olur. Qurdun uzunluğu 2 metrdən 15 metrə çatır. Parazitin yumurtaları insan, donuz və ya itin nəcisi ilə ifraz edilir. Su hövzələrinə düşən bu sürfələr onlarla qidalanan balıqlara keçir. Bunun nəticəsində yaxşı bişirilməmiş ətdə olan yoluxucu sürfələr insan bədəninə keçir. Enli lentşəkilli qurd başında olan 2 yarığın köməkliyi ilə nazik bağırsağın selikli qişasına yapışaraq parazit həyat sürür.Difillobotriozun klinik əlamətləri dəri örtüyündə rəng dəyişikliyi, dərialtı toxumanın ödemi, ishal, ürəkdə funksional küylər, mədə şirəsi ifrazının azalması, iştahın və bədənin zəifləməsi, qarında ağrılar, qan azlığıdır. Xəstəliyin daha ağır dövründə sümük iliyində qan yaranma prosesində dəyişiklik və qan azlığı problemi yaşanır.
Xəstəliyin müalicəsi bədəni gücləndirici və dəmir preparatları ilə zəngin olan qan artırıcı dərmanların istifadə etməklə aparılır. Bundan sonra isə qurdun məhv edilməsi üçün proses davam etdirilir.
Tenidozlar
Helmintoloq bildirib ki, xəstəliyi öküz və donuzun teniyaları törədir. Bağırsaqda parazit həyat sürən öküz teniyasının uzunluğu yetişkin halda 5-8 metr olur. Öküz teniyasının içərisində küllü miqdarda yumurta olan yetişmiş süfrələri xəstənin nəcisi ilə ot və suyu çirkləndirdikdə qaramalda yoluxma baş verir. Bu yolla parazitlər heyvanların əzələarası birləşdirici toxumasında inkişaf edir. İnsanın isə yoluxması yarıbişmiş ətdən istifadə edildikdə baş verir.Xəstəlik zamanı əsəbilik, əmək qabiliyyətinin azalması, iştahın pisləşməsi, baş ağrıları, mədə bulanması, qusma, qarında ağrı, ishal, qan azlığı müşahidə edilir. Xəstəyə 3-5 gün davamlı olaraq asan həzm edilən yağsız quru qidalar verilir. Müalicə günündə öncə işlədici duzla bağırsaq yuyulur, 1 saat sonra isə dərman qəbul edilir.
Hər şeyin başı təmizlik
Həkim tövsiyyə edib ki, qurd xəstəliklərinə yoluxmamaq üçün profilaktik tədbirlərin ən əsasını təmizlik təşkil edir. Bunun üçün şəxsi gigiyenaya diqqət edilməli, dırnaqlar uzadılmamalıdır. İstifadə edilən bütün qida və meyvə-tərəvəz məhsulları qəbul edilməzdən öncə yaxşıca yuyulmalıdır. Heyvanlar və balıq məhsulları daim baytar müayinəsindən keçirilməli, ət məhsulları tam bişirildikdən sonra yeyilməlidir. Digər tərəfdən isə su təchizatı mənbələrində sanitariya tədbirləri aparılmalı, ayaqyolu və zibil qutuları xlorlanmalıdır.

Mənbə: Milli.Az

5 dekabr 2013
GO BACK